Beynəlxalq səyyahlar Qarabağa səfər çərçivəsində Ağdama gəliblər.
NOCOMMENT.az xəbər verir ki, 8 ölkədən – ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunur.
Səyahətçilər ilk olaraq Ağdam şəhərində Cümə məscidinə baş çəkiblər. Məscidin imamı onlara məscid haqqında məlumat verib.
Səyyahlar Cümə məscidini ziyarət etdikdən sonra, Ağdam Çörək Muzeyinin dağıntıları ilə tanış olublar. Məlumat verilib ki, muzey binası erməni vandalları tərəfindən dağıdılıb, eksponatları isə ya məhv edilib, ya da talan olunub. Dünyada ikinci belə muzey hesab edilən müəssisədə nadir arxeoloji tapıntılar — daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar və əkinçilik alətləri (oraq, xış, taxıldöyən vərdənə və s.) toplanmışdı.
***09:00
Bu gündən ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Spori-nin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır.
NOCOMMENT.az xəbər verir ki, 8 ölkədən – ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunur.
Heyət 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.
İşğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə 2021-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 14 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, eyni qəbildən olan sayca 15-ci səfərdir.
Qarabağ və Şərqi Zəngəzurda viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə, 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb. Azərbaycanın post-münaqişə bölgəsində unikal və bənzərsiz şəhərsalma təcrübəsi beynəlxalq səyahətçilərin bura davamlı axını ilə nəticələnir.
















