Bu hospitalda cərrah əvəzinə “dəllal”lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? – VİDEObackend

Bu hospitalda cərrah əvəzinə “dəllal”lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə tanınmış psixoloq Nilufər Abdulla uğursuz cərrahi əməliyyatdan sonra dünyasını dəyişdi və onun 3 azyaşlı övladı anasız qaldı.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, tanınmış psixoloqun bədən şəkilləndirmə əməliyyatı “Etalon” Hospitalda baş tutmuşdu.

Psixoloqun bacısı Fidan Abdulla “Baku TV”-yə bildirib ki, hadisənin əsas səbəbkarı cərrah Seymur Məmmədov və “İnstagram” sosial şəbəkəsində özünü “d-r Pərviz” kimi təqdim edən şəxsdir:

“Seymur Məmmədov “Pərviz” adlı şəxsin komandasında cərrah kimi fəaliyyət göstərir. Bizi Seymur Məmmədova da o yönləndirdi. Bizi inandırdı ki, Seymur Məmmədov lisenziyalı, çox professional həkimdir. Klinikada əməliyyatdan sonra bacımı palataya köçürdülər. Mən soruşanda ki, niyə reanimasiyaya yerləşdirmirsiniz, dedilər, reanimasiya elə buradır. Bir müddət sonra süni nəfəs verən, təzyiqi, ürək döyüntüsünü ölçən aparatları çıxardılar. Səbəbini soruşdum, dedilər, artıq yatıb. Halbuki yatsa da, bu aparatlar çıxarılmamalı idi. Sonra bir tibb işçisi gəldi, diqqət yetirib nə gördüsə, bütün həkimləri ora çağırdı. Aparata təkrar qoşanda nəbzi sıfıra qədər düşdü”.
Sosial şəbəkələrdə özünü “d-r Pərviz” kimi təqdim edən Pərviz Əhmədovun anestezioloq olduğu, mahiyyət etibarilə estetik əməliyyatlar, bədən şəkilləndirmə əməliyyatları bazarında dəllal kimi fəaliyyət göstərdiyi bildirilir.
Əməliyyatı edən cərrah Seymur Məmmədovun isə lisenziyası ləğv edilib. Ancaq qəribəsi budur ki, bütün bunlara baxmayaraq, “Etalon” Hospital onu hələ də öz internet resurslarında estetik cərrah kimi təqdim edir.
İnternet üzərindən kiçik araşdırma apardıqda “Etalon” Hospitalda estetik əməliyyatdan sonra həyatının itirən tək şəxsin Nilufər Abdulla olmadığı, bu halın artıq neçənci dəfə təkrarlandığını görmüş oluruq. Bir neçə ay öncə eyni həkim tərəfindən əməliyyat olunan və dünyasını dəyişən Sumqayıt sakini, 33 yaşlı Pərvanə Mirzəyeva da həkim səhlənkarlığının qurbanlarındandır.
Türkiyə vətəndaşı olan azərbaycanlı aktrisa Natavan Gümeti də bu hospitalda əməliyyatdan sonra ölümlə üz-üzə qalmışdı.
Müqayisə etmək üçün daha bir cərrahiyyə faciəsini xatırladaq. Bu il yanvar ayında 30 yaşlı Nəzrin Mansurova rinoplastika əməliyyatından sonra dünyasını dəyişdi. Əməliyyatı “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev etmişdi. Ölüm halından sonra Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilərək həbs olundu.
Ancaq “Etalon” Hospitalda baş verən ölüm halları ilə bağlı eyni nəticəni hələ ki, görmürük. Gördüyümüz odur ki, Pərviz Əhmədov və sertifikatı ləğv olunmuş Seymur Məmmədov fəaliyyətlərinə davam edirlər. Necə olur ki, əməliyyatdan sonra pasiyenti ölən biri dərhal həbs olunur, digəri isə işinə davam edir? Sosial şəbəkələrdə Seymur Məmmədovun başqa klinikalarda da əməliyyatlar etdiyi bildirilir. Cəmiyyət isə aidiyyəti qurumlardan bu hadisələrin nə vaxt araşdırılıb başa çatdırılacağını, hüquqi qiymət alacağını gözləyir.
Ətraflı “BakuPost TV”nin məsələ ilə bağlı reportajında: