Son bir ayda ölkədə bir neçə rayonun icra başçıları dəyişdirilib. Belə ki, Suraxanı (Əziz Əzizov Beyləqana göndərilib-red), Oğuz, Qusar və Daşkəsənə yeni icra başçıları təyin olunub. Avqustun 7-də Ağdaşın icra başçısı da vəzifəsini itirib. O, 2012-ci ildən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu.
Yada salaq ki, bundan əvvəl də yaşı ötmüş bir neçə icra başçısı vəzifəsindən kənarlaşdırılmış, onları əsasən gənc kadrlar əvəz etmişdi.
NOCOMMENT.az Yeni Sabah-a istinadən xəbər verir ki, bu ayın sonuna kimi, ən azı 6 icra başçısı da işini itirəcək. Mənbə deyib ki, bu şəxslərlə bağlı qərar artıq verilib. Onların işdən azad edilməsi ilə bağlı sərəncam qısa ara ilə sentyabr ayının sonuna kimi elan olunacaq.
O da faktdır ki, bəzi icra başçıları on il və daha artıq müddətdir eyni bölgədə icra hakimiyyətinin başçısı postunu tutur.
2014-cü ildən Müstəqim Məmmədov Tərtərin, 2013-cü ildən Vasif İmanov Bakının Pirallahı rayonunun icra başçısıdır.
2012-ci ildən Arif Ağayev Astaraya, Xəzər Aslanov Xızıya, Taleh Qaraşov Lənkərana, Adil Vəliyev Bakının Sabunçu rayonuna, 2011-ci ildən İslam Rzayev Balakənə, Vidadi İsayev Bərdəyə, Alı Alıyev Füzuliyə, Adil Məmmədov Qobustana, Elxan Usubov Şəkiyə, Ramiz Həsənov Zəngilana, 2010-cu ildən Süleyman Mikayılov Bakının Qaradağ rayonuna, Musa Şəkiliyev Qaxa, Səbuhi Abdullayev Qəbələyə rəhbərlik edir.
2009-cu ildən Mübariz Əhmədzadə Zaqatalanın, 2001-ci ildən Malik İsaqov Qubadlının, 2000-ci ildən Şahmar Usubov Xocalının icra başçısı vəzifəsindədir. Eyvaz Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 1992-ci ildə təyinat alıb.
Qeyd edək ki, hazırda işğaldan azad edilmiş rayonlarda xüsusi nümayəndəlik institutu fəaliyyət göstərir. Dövlət başçısının sərəncamı ilə yaradılmış yeni institut faktiki olaraq bütün idarəetmə mexanizmini həyata keçirir. İddialara görə, icra hakimiyyətlərinin parlament seçkilərindən sonra keçiriləcək referendumla ləğv ediləcəyi gözlənilir.