Bu il daha çox şagird tələbə olacaq – Qəbul balları qalxacaq?backend

Bu il daha çox şagird tələbə olacaq – Qəbul balları qalxacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə deyib ki, bu il 75 mindən çox tələbənin qəbulu planlaşdırılıb. O bildirib ki, 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 74 min nəfərdən çox şəxs qəbul edilib. 2005-ci və 2017-ci illərlə müqayisədə, qəbul sayları müvafiq olaraq 2.2 dəfə və 1.7 dəfə artıb.

Bizdə qəbul mexanizminin asanlaşdırılması, lakin universitetlərdə təhsil və diplom almaq prosesi bəzi xarici ölkələrdəki kimi çətinləşdirilə bilər? Bundan başqa, plan yerlərinin sayının artırlmasının builki qəbul imtahanlarında ballara təsirini əvvəldən proqnozlaşdırmaq olarmı?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Valyuta.az-a danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri ölkəmizdə yaxın 10 ildə qəbul prosedurunun dəyişdirilməsini, xarici ölkələrdə olduğu kimi universitetlərə qəbul mexanizminin asanlaşmasının əvəzində təhsilin və universiteti bitirməyin çətinləşə biləcəyini düşünmür:

“Yaxın 10 ildə universitetlərə qəbul mexanizmləri hazırda olduğu şəkildə təşkil olunacaq. Ola bilər ki, sualların məzmununda, formatında dəyişiklik olsun. Məsələn, qapalı suallar azaldılsa, artıq şagird test tipli suallardan xilas ola bilər. Daha çox məntiqi təfəkkürə yönəlik olan situasiya və açıq tipli suallarla sınana bilər. Bundan başqa, xarici təcrübədə olan sual nümunələri tapşırıqlara əlavə oluna bilər. Belə ki, bu il 9-cu sinifin buraxılış imtahanlarına ingilis dili fənni üzrə şəkilli esse əlavə olunacaq. Gələcəkdə bu cür nümunələrin sayı artacaq. Amma köklü şəkildə mexanizmin özünün dəyişilməsini gözləmirəm”.

Plan yerlərinin sayının artırılmasının builki qəbul imtahanları zamanı keçid ballarına təsirləri haqqında danışan Elmin Nuri bildirib ki, artım sayı o qədər də olmadığına görə, ümumi mənzərənin ötən ilkindən fərqli olacağını deyə bilmərik:

“Tələsməməliyik, çünki keçid ballarının dəyişib-dəyişməyəcəyini, imtahan və ixtisas seçimi zamanı rəqabətin necə olacağını və s. ümumi prinsipləri hələ proqnozlaşdıra bilmərik. Bunun üçün buraxılış imtahanlarının nəticələrini gözləməliyik. Buraxılış imtahanları martın 2-si və 9-u arasında keçiriləcək. İmtahan keçiriləndən, nəticələr açıqlanandan və Dövlət İmtahan Mərkəzi tərəfindən statistikalar elan olunandan sonra, bütün bu göstəricilər əsasında biz builki rəqabətlilik mühitini dəyərləndirə bilərik. Amma indiki məqamda deyə bilərik ki, sayın 1000 nəfər civarında artması keçid ballarında çox ciddi artımın olmayacağına işarədir. 250-300 bal aralığında nəticə göstərənlərin sayı çox olsa, plan yerləri 80000-ə qədər qaldırılsa, keçid ballarında artımın ola biləcəyinə inanarıq. Ona görə də indiki halda isə durumun ötən ilkindən o qədər də fərqli olmayacağını düşünə bilərik”.