Bu il də məscidlər bölündü – Rəsmi, yoxsa Ayı görmək?backend

Bu il də məscidlər bölündü – Rəsmi, yoxsa Ayı görmək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bayram namazı nə vaxt qılınmalıdır?”, – Çox güman ki, Ramazan ayının başa çatması ərəfəsində dindar təbəqə arasında ən çox müzakirə olunan sual bu idi.

Hər il olduğu kimi bu il də mövzu ilə bağlı fikir ayrıseçkiliyi davam etdi. Baxmayaraq ki, Qafqaz Müsəlmanları İdarəsi namazın mayın 2-də qılınmasını uyğun görmüşdü. QMİ-nin sədr müavini Fuad Nurullayev mətbuata açıqlamasında bayram namazının ayın 2-si saat 9-da Göy məscid və Əjdərbəy məscidində, saat 10-da Təzə Pir məscidində namazın qılınacağını açıqlamışdı.

O, digər məscidlərdə namazların saat 9 və ya 10-da qılınmasının sərbəst olduğunu bildirmişdi. Hacı Fuadın açıqladığı kimi də oldu. Bayram namazı həmin məscidlərdə qılındı və ölkədə orucluq ayı rəsmən başa çatdı.

QMİ rəsmisi bütün məscidlərdə bayram namazının mayın 2-si qılınacağını desə də, lakin ölkənin bütün məscidlərində namaz həmin gün qılınmadı. Sosial şəbəkələrdə bir sıra məscidlərdə mayın 3-də bayram namazının qılındığına dair fotolar paylaşıldı. Həmin məscidlərdən biri də Bakıda yerləşən Məşədi Dadaş məscidi idi.

Məscidin axundu, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli bayram ərəfəsində AzTV-yə açıqlamasında namazın ayın görünməsinə uyğun qılındığını bildirmişdi: “Dinimizdə ayın görünməsi şərtdir. Quranda da qeyd olunur ki, sizlərdən ayı kim gördüsə oruc tutsun, yəni ayı müşahidə etdikdən sonra oruc oluruq və yaxud orucumuzu açırıq, bayramı qeyd edirik. Bu məsələlər elmi görüşlər və dini baxışların uzlaşdırılması ilə tənzimlənir. Azərbaycanda Şamaxı rəsədxanası bu məsələ ilə bağlı rəy verir və QMİ də həmin elmi görüşlərə istinadən müəyyən ehtimallar haqda məlumat verir. Ayın görünməsi ilə bağlı öncədən qəti bir şey söyləmək olmur. Çünki bəzən hava şəraiti ayın müşahidə olunmasına mane ola bilər. Amma birmənalı olaraq bu məsələdə hər hansı siyasi çalar yoxdur. Bunu siyasiləşdirmək kökündən yanlışdır. Hansısa dövlətə istinad etmək məsələsi də yoxdur.

Bu şəriət mövzusudur. Dini görüşlər arasında fərq var, amma bu məzhəb fərqi deyil. Çünki eyni məzhəb təmsilçiləri arasında da fərqli baxışlar ola bilir. Misal üçün bəzi alimlərin rəylərinə əsasən, ay dünyanın harasında göründüsə, bayram etmək olar. Digərləri isə deyir, eyni üfüqdə yerləşən ölkələr üçün bayram ola bilər. Bir sıra alimlər teleskopla ayı müşahidə etməyi yetərli hesab edir. Bəziləri deyir ki, ay adi gözlə görünməlidir. İstənilən elm sahəsində fərqli fikirlər olduğu kimi dini elmlər sahəsində də müxtəlif fikirlər ola bilər. Əsas məsələ budur ki, bu baxışları uzlaşdırıb ortaq məxrəc tapmaq lazımdır. Ona görə Azərbaycanda da bayram 2 gün qeyd olunur. İnsanlar da sərbəst şəkildə öz görüşlərinə uyğun formada namazları özləri icra edə bilir. Hər bir insan öz görüşünə əsasən, orucunu açıb bağlayır. Vahid mövqe bundan ibarətdir ki, xalq bayramı 2 gün qeyd edir və bayram dövlət səviyyəsində keçirilir”.

Məsələyə deputat Sabir Rüstəmxanlı sərt reaksiya verib. O, ikili yanaşmanı milli nifrətin din donu kimi xarakterizə edib: “İndoneziyadan Mərakeşə qədər bütün müsəlman dünyasında bu gün (red: 2 may) Ramazan bayramıdır. Hamının bayramı mübarək olsun! Bütün ölkələrdə camelər dolub-daşır, bayram namazları qılınır, doğmaların məzarları ziyatət edilir, evlərdən fitrə çıxarılır, imkansızlara yardımlar edilir. Dünyada möhtəşəm bir bayram havası var. Təkcə İran tərsliklə ayağını yerə dirəyib ki, bayram bu gün yox, sabahdır. Bütün başqa bayram və din təqvimlərində də belə edir.

Fars ordularını əzib İslamı İranda yayan Həzrəti Ömər və Həzrəti Osmana olan fars nifrəti min dörd yüz ildir ki, məzhəb adına İslam dünyasını parçalayır və bütün islam aləminə ikitirəlik salır. Bizim cahillərin də işi öz qafalarını işlətmədən, İranın din dəllalarının əmrini yerinə yetirməkdir”.

NOCOMMENT xəbər verir ki, qafqazinfo məsələ ilə bağlı QMİ ilə əlaqə saxlayıb. Qurumun Mətbuat xidmətindən bildirilib ki, kim hansı gün istəsə, həmin gün bayram namazını qıla bilər: “Hər iki gündə bayram namazının qılınması müstəhəbdir. Burada təəccüblə qarşılamaq lazım deyil. Elə ölkələr var ki, orada bayram üç gün qeyd olunur. Üç gün ərzində insanlar namazlarda iştirak edir. Ona görə də bayramın iki günündən kim hansı gün istəsə, həmin gün namazını qıla bilər. Düzdür, həmişə ilk namaz günü daha çox ictimailəşir. Amma burada heç bir fərq yoxdur. Azərbaycan multikultural ölkə olduğuna görə, fərqli məzhəblər olduğuna görə, hər kəs öz baxışına əsasən, namazını qılmaqda sərbəstdir”.

Şamaxı Astrofizika Rəsədxanası bayramdan öncə məsələyə münasibət bildirmişdi. Qurum bu işdə bayram namazının ayın görünməsinə əsasən və QMİ-nin fətvasına uyğun olaraq qılındığını qeyd etmişdi. QMİ-nin sədr müavini Hacı Fuad isə Şamaxı Rəsədxanası ilə əlaqə saxladıqlarını və ayın göründüyünü söyləmişdi.

Qeyd edək ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Ramazan ayı rəsmi olaraq bu il aprelin 2-də başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, 2-3 may tarixləri Ramazan bayramı hesab olunub.