Bu il Əliyevlə Paşinyan neçə dəfə və harada görüşüblər…backend

Bu il Əliyevlə Paşinyan neçə dəfə və harada görüşüblər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında Qarabağ problemi ilə bağlı müxtəlif ölkələrdə baş tutan danışıqlar 30 ildən artıq davam edib, lakin heç bir fayda verməyib.

Nəticədə Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibə ilə Qarabağ problemini özü həll edib və işğal altında qalmış torpaqlara nəzarəti geri qaytarıb. Bununla da 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri – Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında bağlanan birgə bəyanatla Qarabağda hərbi əməliyyatlar dayandırılıb.

Əldə olunan razılaşmalara əsasən, Qarabağ ətrafındakı bir sıra rayonlar – Kəlbəcər, Ağdam və Laçın güllə atılmadan Azərbaycanın nəzarətinə qaytarılıb, eyni zamanda bölgəyə 5 il müddətinə Rusiya Federasiyasının sülhməramlıları yerləşdirilib. Post-müharibə dövründə əsas hədəf tərəflər arasında sülhə nail olmaq olsa da, geridə qalan iki ilə yaxın vaxt ərzində bu istiqamətdə ciddi irəliləyiş əldə edilməyib.

Azərbaycan tərəfi sülh müqaviləsinin bağlanması üçün bir neçə dəfə təşəbbüslə çıxış edib, ancaq Ermənistandan müsbət cavab almayıb. Rəsmi Bakı sülh müqaviləsi üçün İrəvana 5 prinsipli ilkin müqavilə göndərsə də, Ermənistan bununla razılaşmayıb.

Bütün bunlara baxmayaraq, cari il ərzində dövlət başçıları səviyyəsində sülh müqaviləsinin bağlanması istiqamətində bir sıra görüşlər keçirilib.

NOCOMMENT modern-ə istinadən bildirir ki, indiyədək danışıqlar həm Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşləri formatında, həm Rusiya Federasiyası Prezidentinin iştirakı ilə üçtərəfli formatda, həm də digər vasitəçilərin iştirakçılığı ilə baş tutub.

Qeyd edək ki, üçtərəfli bəyanatdan sonra ilk görüş 2021-ci il yanvarın 11-də Rusiya liderinin təşəbbüsü ilə Kremldə baş tutub.

Putin, Əliyev və Paşinyanın iştirak etdiyi görüşdə tərəflər Qarabağda atəşkəs haqqında birgə bəyannamənin icrası ilə bağlı irəliləyişə nəzər salıb və regionda mövcud problemlərin həlli üçün gələcək addımları müzakirə ediblər.

Dörd saata yaxın davam edən görüşün yekunu olaraq Qarabağda yeni infrastruktur layihələri ilə bağlı birgə bəyanat imzalanıb və icrası baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupuna həvalə edilib.

Bu il dövlət başçıları arasında ilk görüş 6 apreldə Belçikanın paytaxtı Brüsseldə baş tutub. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü keçirilib. Görüş 4 saatdan artıq davam edib.

Prezident İlham Əliyev aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bildirib.

Növbəti görüş mayın 22-də yenidən Brüsseldə gerçəkləşib.

Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb.

Eyni zamanda avqustun 31-də tərəflər yenidən bir araya gəliblər. Sülh müqaviləsinin ilkin mərhələsinin hazırlanması üçün razılıq əldə olunub. Müqavilə üçün xarici işlər nazirlərinin görüşü planlaşdırılıb.

Bundan əlavə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması, sərhədlərin müəyyən edilməsi, rabitə və nəqliyyatın açılması üzrə komissiyalarda danışıqların aparılması nəzərdə tutulub.

Eyni zamanda humanitar məsələlərin, o cümlədən mina probleminin, Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşlarının, Ermənistanda azərbaycanlıların kütləvi məzarlarının, tarix və mədəniyyət abidələrinin vəziyyəti müzakirə olunub.

Liderlər arasında sonrakı görüş oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilib. Bu dəfə görüşdə Fransa prezidenti Emanuel Makron da iştirak edib. Beləliklə, Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş olub. Görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub.

Bu ilin hələlik sonuncu görüşü oktyabrın 31-də Soçidə keçirilib.

Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.

Dekabrın 7-də isə Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında planlaşdırılan görüş ləğv olunub. Prezident İlham Əliyev görüşün ləğv olunmasını Paşinyanın Fransa prezidenti Emmanuel Makronu danışıqlara cəlb etmək istəyi ilə əlaqələndirib:

“Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.

Daha sonra təmasların Rusiyada davam etdiriləcəyi barədə iddialar yayılsa da, Kreml bunu təsdiqləməyib. Belə ki, Kremlin sözçüsü Dmitri Peskov diqqətə çatdırıb ki, Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının görüşü hələ razılaşdırılmayıb.

Göründüyü kimi, Azərbaycan bütün görüşlərdə sülhün əldə olunması naminə addımlar atsa da, Ermənistan tərəfi destruktiv mövqe sərgiləməklə prosesi ləngidir.

Sonda onu da qeyd edək ki, başa vurmağa hazırlaşdığımız ildə Azərbaycan və Ermənistan arasında yeni təmaslar hələlik nəzərdə tutulmayıb və sülh sazişinin nə vaxt imzalanacağı isə sual altındadır.