Güman, böyük mübaliğəyə varmarıq, əgər desək ki, 2025-ci ilin ilk ayları daha çox bir detalla hamının diqqətini cəlb edəcək : yeni ABŞ prezidenti Donald Trampın hakimiyyətə başlaması ilə.
NOCOMMENT.az bu barədə Musavat.com-a istinadən xəbər verir.
Neçə aydır, ən müxtəlif “siyasi kalibrli” insanlar ölkələrinin siyasətçiləri, diplomatları, KİV-ləri və hətta şəxsən özləri üçün Trampın hakimiyyətə gəlişilə baş verəcək siyasi, geosiyasi və geoiqtisadi dəyişiklikləri təhlil etməyə çalışırlar.
Donald Tramp ən azı regionu qarışdıran (məsələn, İran kimi!) bəzi rejimlər üçün potensial təhlükə, digərləri, xüsusən də Dünya çapında elə rolu olmayan, amma öz insanlarının başında “qoz sındıran”, “turp əkən” bir sıra cırtdan avtoritar rejimlər üçün əsl ümid yeridir, çünki onlarınki nisbətən demokratik ABŞ administrasiyalarıyla qəti alınmır və bu rejimlər belə hesab edirlər ki, biznesmen Donald Trampın ürəyinə (bəlkə də mədəsinə?) yolu daha asan yol tapmaq olar…
Qərəz, NATO və Aİ, Rusiya və Çinlə münasibətlər, Ukrayna və Yaxın Şərq müharibələri və bir də İrana münasibət!..
Hətta bunlar da Donald Trampın ciddi dəyişikliklər edə biləcəyi istiqamətlərin heç də tam siyahısı deyil, siyasi müşahidəçilər bura Qrenlandiya və Panama kanalını da, Amerika dövlətlərilə münasibətləri də, hətta əməkçi mühacirlər məsələsini də əlavə edirlər…
Başlayaq uzaq Qrenlandiyadan, çünki Donald Tramp istəsə belə, məsələn, bir “idarə” kimi NATO-nu “bağlaya” bilməyəcək və bəzilərini çox məyus etsə də, bir daha deyirik ki, heç də asan məsələ deyil bu.
Belədə isə hamı üçün maraqlıdır ki, niyə görə Arktika və onun sahilləri Ştatları və Rusiyanı bu qədər cəlb edir? Mümkündür, burada da hələ hamıya məlum olmayan məqamlar var ki, hansıları hələ aydınlaşdırmaq lazım gələcək. Ona görə də bu sualı açıq saxlamaq istərdik, çünki onun dəqiq cavabını özümüz də bilmirik.
Amma bir detalı qeyd etmək hər bir halda, yerinə düşərdi: doxsanıncı illərdə dəniz hüququna aid bir kitabdan oxumuşduq ki, Arktikanın çox böyük, hətta nəhəng neft ehtiyatları var və onu istismar etmək texniki cəhətdən hələ mümkün deyil. Amma güman ki, əbədi olaraq belə qalmayacaq, alimlər gec-tez Arktika neftinin də açarını tapacaq. Bəlkə Ştatları da, Rusiyanı da Arktika və sahilləri bununla cəlb edir? Hər bir halda, istisna etmək olmaz bu detalı…
Panama kanalına gəldikdə, əgər, səhv etmirəmsə, ABŞ sonuncu dəfə hələ uzaq yenidənqurma zamanı (yaxud da ərəfəsi? artıq dəqiq yadımda deyil!) bu problemlə yaxından məşğul olmağa vadar olmuşdu. Belədəsə, Vaşinqtonun yaxın kontinental siyasətinin bir elementi də həmişə bu kanal olub. Amma onu da tamam özəlləşdirmək cəhdləri Vaşinqtonun digər qonşu Amerika dövlətlərilə onsuz da soyuq münasibətlərini bir az da soyuda bilər, həm də digər Amerika dövlətlərinə də nəsə qalmalıdır, ya yox?..
Donald Trampın siyasətinin böyük bir hissəsinin Ukrayna müharibəsilə bağlı olacağı güman edilir.
Deyir ki, müharibəyə son qoyulmalıdır. Düz deyirmi? Düşünürük, bəli, çünki bütün müharibələr nə vaxtsa bu və ya digər şəkildə bitir.
Ukrayna müharibəsi də qurtarmalıdır, amma sual olunur: nəyin bahasına? hansı şərtlərlə? rusların hansı tələbləri olacaqdır? ABŞ və müttəfiqləri, eləcə də Ukraynanın özü hansı güzəştlərə (bunsuz çox güman ki, sülh əldə etmək mümkün olmayacaq) gedə bilərlər?..
Rusiya prezidenti Vladimir Putin həzrətləri də hərdənbir bəyan edir ki, guya o, da sülhə hazırdır, hətta istənilən vaxt Ukrayna və müttəfiqlərilə dialoqa başlaya bilər.
Kreml arabir özünün əsas şərtinə işarə edir: guya onlar NATO ilə Aİ arasında bərabərlik işarəsi qoymurlar! Guya NEYTRAL Ukrayna ilə danışıqlara hazırdırlar!
Əslində bu cür bəyanatlar və işarələr ABŞ-ı və müttəfiqlərini çəkindirməməlidir, çünki onların özləri də deyir ki, Ukraynanı, yumşaq desək, NATO-ya qəbul etməklə tələsməyə bilərlər, çünki yaxın perspektivdə Kiyevin Şimali Atlantika Blokuna üzv olması Qərblə Rusiya arasında genişmiqyaslı müharibənin başlanması demək olardı.
Amma burada bir sual yaranır: Rusiyanın siyasətçilərinə və diplomatlarına nə qədər inanmaq olar? Axı hazırda avro-inteqrasiya siyasətində nisbətən fərqli siyasət yürüdən, Avropa İttifaqı ilə sıx münasibətlər yaratsa da, NATO ilə məsafə saxlayan Kişinyovla da Moskvanın münasibətləri, xüsusən qərbçi Maya Sandu təkrar prezident olandan sonra, elə də isti deyil.
İnsanlarımız daha bir sual da verirlər: ruslara üçün həqiqətənmi əsas problem NATO-nun Şərqə, bəzi post-sovet ölkələrinin ərazilərinə doğru genişlənməsidir, yoxsa bunların fikri sadəcə, keçmiş SSRİ-nin ərazisini təkrar zəbt etməkdir?
Bizə belə gəlir, Kremlin bir məqsədi var: keçmiş SSRİ-nin ərazisini qaytarmaq! Ona görə də Qərbin bəzi bölgələrdə uğursuzluqlarına sevinən bəzi insanlara deyərdik: inanın ki, Rusiyanı hələ də saxlayan, cilovlayan Qərbdir və Qərbin geri çəkilməsi kifayətdir ki, Moskva bircə günün içində bütün post-sovet ölkələrinin əbədi müstəqilliyinə əbədilik son qoysun!
Ona görə də, inanın sözümə, Qərb hələ bizim hamımıza çox lazım olacaq. Ən azı son bir neçə gündə bunu əyani şəkildə gördük və sərnişin təyyarəmizin vəhşicəsinə vurulması bir daha Kremlin necə “dost” və “müttəfiq” olduğunu göstərdi, onların keçmiş post-sovet ölkələrinə necə sayğısız yanaşdığını, onları daimi pressinq altda saxlamağa çalışdıqlarını bir daha təsdiqlədi.
Haşiyə çıxmaq kimi olsa da yada salaq ki, hələ 1983-cü ildə SSRİ Cənubi Koreyaya məxsus Boeing sərnişin təyyarəsini vurmuşdu (300 nəfər həlak olmuşdu!), daha sonra, Polşa prezidentinin də olduğu təyyarə müəmmalı şəkilərdə Smolenskdə qəzaya uğradı (100 nəfər həlak oldu və uzun araşdırmalardan sonra qəzaya görə təqsiri Polşa Seymi Rusiyanın üzərinə qoydu!), bundan sonra, 2023-cü ildə “Vaqner”in qiyamçı lideri Yevgeniy Priqojinin də olduğu təyyarə sirli şəkildə qəzaya düşdü…
O ki qaldı bizə, hələ səksəninci illərin sonlarında bir təyyarəmiz müəmmalı şəkildə Ermənistanda qəzaya uğramış və zəlzələnin nəticələrini aradan qaldırmaqda kömək üçün ora göndərilmiş onlarla azərbaycanlı həlak olmuşdu.
O vaxt hamı deyirdi ki, erməni dispetçerlər özləri qəsdən qəza şəraiti yaradıblar, amma, səhv etmirəmsə, buna görə kimsə cəzalandırılmadı.
Burada Dağlıq Qarabağ səmasında vurulmuş helikopterimizi də qeyd etmək lazımdır.
Düşünürük, ermənilər bu hadisəni də tamamilə müstəqil şəkildə, özbaşına çətin ki, törədə bilərdilər. Bütün hallarda, hadisənin sirri hələ də açılmamış qalır…
Nə isə. Qayıdaq Trampa. “Yaxın Şərq düyünü”nə gəldikdə, Donald Trampın hakmiyyətə təkrar gəlişilə ABŞ-la İsrail arasında müttəfiqlik bağları bir az da güclənəcək, halbuki onlar heç indi də zəif deyil.
Ona görə də müşahidəçilərin diqqəti daha çox İran və Suriyaya yönəlir. Suriya ilə bağlı deyək ki, hamı bir sual verir: ABŞ bu ölkədə yeni geosiyasi intriqalara başlamayacaq ki? ABŞ-la onun hərbi müttəfiqi Türkiyə arasında tam anlaşma baş tutacaqmı? Yaxın Şərqdə daha bir müharibə, bu dəfə İsraillə Suriya arasında müharibə başlamayacaq ki? Axı Təl-Əviv də özünün təsir sferasını hətta Colan təpəliklərindən də kənara çıxarmağa cəhd edir! Yada salsaq ki, özünün birinci idarəçiliyi dövründə D.Tramp bilərək ki, dünya dövlətləri müdafiə etməyəcək onu, yenə də götürüb Yerusəlimi İsrailin vahid və bölünməz paytaxtı kimi tanıdı. İndi də o, durub Suriyanın da bir hissəsini İsrailin “bölünməz və vahid ərazisi” kimi tanımayacaq ki?..
Trampın İranla bağlı siyasəti də böyük maraq kəsb edir. ABŞ mənbələri dəfələrlə xəbərləyib ki, guya İran lap tezliklə nüvə silahını əldə edəcək, hətta elə olub ki, buna bir neçə həftənin qaldığını bildiriblər.
Düzdür, bir vaxt onlar eyni sözləri Səddam Hüseyn haqqında da deyirdilər, amma bir gün məlum oldu ki, hamısı yalanmış, Səddamın nüvə silahı – filanı yox imiş!
Hazırda Tehran hətta əhalisinin qış ehtiyaclarını təmin etmək üçün elektrik enerjisi tapa bilmir və buna görə prezident M.Pezeşkian bu günlərdə bütün iranlılardan üzr istədi! Bunu ona görə vurğulayırıq ki, nüvə silahı əldə etməkçün çox böyük enerji məsrəf etmək lazım gəlir.
Bütün hallarda, nüvə silahı molla rejimini – mollakratiyanı müsəlman dünyasında əsas “oyunçu”ya çevirə bilər, gəl, Tehran müsəlman ölkələri üçün heç də arzuolunan bir nümunə deyil…
D.Tramp konteksində Cənubi Qafqazda da müəyyən “ümid”lər var. Qonşu Gürcüstanda qərbpərəst müxalifət istəyinə nail ola bilmədi, “Gürcü arzusu” hələ hakimiyyətdədir. Ona görə də az qala hamı soruşur: Qərb Cənubi Qafqazda məğlub oldumu? Axı Gürcüstan son illərə qədər az qala, bütün Cənubi Qafqazda Qərbin əsas mərkəzi idi! Nə qədər vaxt, enerji, hətta maliyyə sərf olundu ki, bu kiçicik ölkə Avropa ailəsinə daxil olsun! Ona hətta “NATO-nun qeyri-formal üzvü” deyirdilər və özü də bu epiteti ona siyasi təhlilçilər yox, Alyansın özünün yüksək rütbəliləri vermişdi. İndi bunların hamısından imtina olunacaqmı?
Bilirsinizmi, adam daha çox nəyə təəssüflənir? Qərbli siyasi müşahidəçilər hələ doxsanıncı illərdə deyirdilər ki, Cənubi Qafqazın əsas problemi odur ki, üç respublikanın hər üçü fərqli geosiyasi müstəvilərdə qərar tutub, onların yaxınlaşması üçün bu üç ölkəni eyni bir geosiyasi müstəviyə, ortaq geosiyasi məxrəcə gətirmək lazımdır…
Son vaxtlar belə təsəvvür yaranırdı ki, sanki bu proses başlayıb, çünki hətta Ermənistan kimi rusiyapərəst və marionet ölkədə maraqlı proseslər gedir, bu ölkə də müstəqil olmaq üçün ilk cəhdlər edir və Qərbə üz tutur.
İşin tərsliyindən Gürcüstanda əks proseslər başladı. Hələki hər şey itirilməyib, Qərbin gürcü hakimiyyıtinə təzyiqləri davam edir. Qeyd edək ki, hakim “Gürcü arzusu”nun da D.Trampla bağlı ümidləri var və onlar da hesab edir ki, yeni ABŞ prezidenti ən yeni “gürcü reallıqları”na daha anlaşıqla yanaşacaq. Amma olacaqmı?
Bu günlərdə belə məlum oldu ki, Donald Trampın inauqurasiya mərasiminə yalnız keçmiş prezident Salome Zurabişvili dəvət alıbdır, özü də “yeganə legitim hakimiyyətin təmsilçisi” kimi! Üstəlik, ABŞ-ın beyin mərkəzləri də gürcü hakimiyyətinə Trampla bağlı böyük ümidlərə qapılmamağı məsləhət görür…
Bir sözlə, vəziyyət çox mürəkkəbdir. Amma biz haradasa “Qərbin qalasının uçmasına” sevinməyə tələsməməliyik, çünki Qərb hələ də Dünyanın əsas və yeganə demokratik seqmenti olaraq qalır, başqası yoxdur. Üstəlik, bu həm də real və böyük geosiyasi qaladır, Rusiyanın qarşısında sipərdir və bir daha deyirik ki, Qərb olmasa, Rusiya bir neçə saatın içində hamımızın əbədi müstəqilliynə əbədi olaraq son qoyar.
Siz elə bilirsiniz ki, hətta keçmiş Baltik respublikalarının (onlar indi NATO-nun üzvüdür!) hələ də davam edən narahatlığı bir fobiyadır, ya Qərbin xoşuna gəlmək üçündür? İnanın, belə deyil. Hələ də real olaraq Rusiyanın qarşısında dayanan yalnız Qərbdir, nə Çindir, nə Braziliya, nə də Hindistan! Heç onların BRİCS-ləri, ŞƏT-ləri də bu qüdrətdə deyil!
Bir detalı da qeyd etmək lazımdır ki, Qərbin Cənubi Qafqazda da hələ ki resursları qalıb.
Onun Gürcüstanda qərbçi müxalifət kimi, Ermənistanda isə (qeyri-ardıcıl, ziddiyyətli, hətta bir az “axsaq” olsa da) qərbçi hakimiyyəti var və bu resurslardan da yeri gələndə istifadə olunacaq. Odur, proses nəinki bitməyib, əksinə bəlkə də bundan sonra başlayacaq…