Bu ixtisasların təhsil müddəti azaldılacaq – Yeni qanun daha hansı dəyişikləri vəd edir?backend

Bu ixtisasların təhsil müddəti azaldılacaq – Yeni qanun daha hansı dəyişikləri vəd edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milli Məclisdə müzakirə edilən “Ali təhsil haqqında” qanun ali təhsilin keyfiyyətinin artırılması, eyni zamanda dünya təhsil sisteminə inteqrasiyasına müsbət təsir göstərəcək”.

NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edib ki, yeni qanun layihəsində bir sıra dəyişikliklər var. Onlardan vacib olanı ali təhsilin müddəti və ixtisas istiqamətləri ilə bağlıdır:

“Ən çox müzakirə obyektinə çevrilən məsələ ali təhsilin bakalavr pilləsinin 3 il, magistraturanın 1 il olmasıdır. Ali təhsilin proqramına uyğun olaraq peşəkar səviyyədə kadr yetişdirmək üçün bəzi hallarda 4 il çox uzun müddət olur. Müəyyən ixtisaslar var ki, onlar üzrə 4 illik təhsilə ehtiyac yoxdur. Bunlar akademik tədqiqatları, araşdırmanı əks etdirməyən texniki ixtisaslardır. Qeyri-ixtisas fənlərini azaldıb proqramdan çıxarsaq, tədris ili azaldılacaq. Tələbələrə qeyri-ixtisas fənlərindən dərs keçməyə ehtiyac yoxdur. Daha çox oxuduğu ixtisasın yönümünə uyğun olan fənlər keçilməlidir ki, tələbənin peşəkarlığı artsın”.

Ekspertin fikirincə, təhsil pilləsinin azaldılması beynəlxalq standart təhsil təsnifatına da uyğundur:

“Lakin bu bütün ixtisaslara aid olmayacaq. Məsələn, musiqi, incəsənət, mədəniyyət ixtisaslarında 4 il oxumağa ehtiyac yoxdur. Hüquq, tibb, müəllimlik kimi ixtisaslar özündə akademik bilikləri əks etdirdiyi üçün bu ixtisaslar 4 illik olacaq. Tədris ilinin azaldılması əmək bazarına daxil olacaq insanların peşəkarlıq səviyyəsinə yüksəldilməsinə xidmət edəcək”.

Kamran Əsədov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə “Ali təhsil haqqında qanun” qəbul edəcək:

“İndiyə qədər təhsilin müxtəlif pillələri üzrə qanun layihəsi qəbul edilib. Ali təhsil müəssisələrinin idarəedilməsi, orada şəffaflığın təmin olması, keyfiyyətin yüksəldilməsi və idarəedilməsi ilə bağlı ciddi məsələlər hələ də boş olaraq qalır. Məhz bu problemin aradan qalxması üçün ayrıca “Ali təhsil haqqında qanun” layihəsinə ehtiyac var idi”.

Qeyd edək ki, parlamentdə “Ali təhsil haqqında” qanun layihəsi müzakirə ediləcək. Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cü ilin yaz sessiyası üçün İş Planında əksini tapıb.