Bu məktəbdə gecikən şagirdlər dərsə buraxılmırbackend

Bu məktəbdə gecikən şagirdlər dərsə buraxılmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonu 115 saylı tam orta məktəbin şagirdləri dərsə gecikdikləri üçün məktəbə buraxılmır. Şagirdlər düz 45 dəqiqə məktəbin ərazisində gözləməli olurlar.

NOCOMMENT xəbər verir ki, “ATV Xəbər” əməkdaşları, qaynar xəttinə daxil olan videogörüntüləri əsas tutaraq, məsələ ilə bağlı həmin məktəbə üz tutublar.

Şagird və valideynlərin sözlərinə görə, bu artıq adi hala çevrilib.

Şagird: “Gecikənləri içəri buraxmırlar. Deyirlər ki, 45 dəqiqə burada dayanmalısınız. 2-ci dərsə buraxırlar”.

Valideyn: “8 tamam oldu, qapı bağlanır. Raşotkanın başından içəri tullananlar da olur. Arxa qapıdan müəllimləri qəbul edirlər. 45 dəqiqə uşaqlar çöldə qalır”.

Şagird: “5 dəqiqə gecikdin, qoymurlar. Ordan zavuç qışqırır ki, davay bağla. Həyətə girmək olmaz. Qapını bağlayırlar”.

Şagirdin dərsə gecikməsinə haqq qazandırmaq olmaz. Bəs onların 45 dəqiqə məktəbdən kənarda gözlədilməsi necə, qanuna uyğundurmu? Bu suala cavab tapmaq üçün məktəbə daxil olmaq istəyən “ATV Xəbər”in əməkdaşı da saatlarla məktəbin bağlı qapıları arxasında gözləməli olub.

Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zahid Canayev çıxaraq, yayılan görüntülərin əsasız olduğunu bildirib:

“Video atılıbsa, orada gərək görünərdi, saat neçədə atılıb. Amma 08:00-da qapı bağlanmır. 15 dəqiqəyə qədər şagirdlər gecikəndə onları dərhal buraxırıq içəri. 15 dəqiqdədən artıq gecikəndə isə, onları aparırıq foyeyə, ya da ki, akt zalına. Söhbət edirik, təşkilatçı danışır, mən danışıram. Həmin o 45 dəqiqəni tamamlayırıq, sonra 2-ci 45 dəqiqədə də onlar dərhal öz sinfinə daxil olur. Kiminsə acığı tutub nə isə deyib, bu əlbəttə ki, fakt deyil”.

Bakı şəhəri üzrə təhsil idarəsindən isə “ATV Xəbər”ə bildirildi ki, əlavə şərhə ehtiyac yoxdur. Məktəb rəhbərliyinin verdiyi açıqlama kifayətdir.