Bu mənzillər qat-qat ucuz satılır – “Kupça”sı da varbackend

Bu mənzillər qat-qat ucuz satılır – “Kupça”sı da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlər satış saytlarında yataqxana tipli binalarda yerləşən mənzillərlə bağlı elanlar kəskin artıb. Bu mənzillər istər ərazi, istərsə də digər xüsusiyyətlərinə görə digərlərindən fərqləndiyi üçün, qiymətləri olduqca ucuz təklif olunur. Elanların əksəriyyətində isə əmlakın çıxarışının olması xüsusilə vurğulanır.

Bəs görəsən, belə mənzillərin alışında və yaşayış üçün istifadəsində hansısa təhlükə və problemlər varmı?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, əgər həmin binalar qəzalı vəziyyətdə deyilsə və ya hansısa ciddi problemi yoxdursa, yaşayış üçün əlverişli hesab olunur: “Həmin yataqxana tipli binalar vaxtilə sovet dövründə gənc ailələrə, mütəxəssislərə verilən mənzillərdir. Həmin evlərin müəyyən sənədlərlə təhvil-təslimi aparılırdı. Sonradan qanunvericiliyə uyğun olaraq, belə yataqxana tipli binalarda yerləşən mənzillər dövlət əmlakı reyestrindən müvafiq çıxarışlarla təmin edildi. Beləliklə, həmin mənzillərin sahiblərinin mülkiyyət hüququnu təsdiq edən sənədləri mövcuddur. Faktiki vəziyyətindən asılı olmayaraq, əgər bir vətəndaşın həmin tikiliyə mülkiyyət hüququnu təsdiqləyən sənəd, yəni çıxarışı mövcuddursa, bu onun mülkiyyətidir. Bu baxımdan həmin binalardakı evlər daşınmaz əmlak növü kimi satışa çıxarılır. Belə mənzillərin öz alıcıları var. Qiymətləri digər mənzillərə nisbətən xeyli ucuzdur. Həmin binalarda yaşamaq üçün hər hansı təhlükə yoxdursa, tikili qəzalı vəziyyətdə deyilsə, o zaman hansısa problem yoxdur. Əgər söküntü ərazilərinə düşürsə, əlbəttə dövlət onun kompensasiyasını verəcək”.

Vüqar Oruc yaxın gələcəkdə yataqxana tipli binaların əksəriyyətinin söküləcəyini də diqqətə çatdırıb: “Bu baxımdan hesab edirəm ki, hansı növ binada yerləşməsindən asılı olmayaraq, həmin mülkiyyətə çıxarışın olması əsas şərtdir. Amma komfort baxımından təbii ki, normal binalarda yerləşən mənzillərə nisbətən yataqxana tipli binadakından olduqca fərqlənir. Yataqxana tipli binalarda 1 dəhlizdə nə qədər evin olması ilə bağlı məhdudiyyət yoxdur. Adətən bu binalarda çox sayıda mənzil olur. Bir çox hallarda belə mənzillərin köməkçi sahələri ümumi olduğuna görə, mülkiyyətçilər sonradan özləri üçün bu sahələri təmin edərək, planlamanı dəyişib. Adətən aztəminatlı ailələr həmin yataqxana tipli binalara üz tuturlar. Gələcək üçün binaların mütləq əksəriyyətinin söküləcəyi ehtimal olunur. Başlıca olaraq, bu binalar müasir tələblərə cavab vermir”.