Bu mübarizəyə DTX də qoşulmalıdır – Millət vəkilibackend

Bu mübarizəyə DTX də qoşulmalıdır – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq təcrübə göstərir ki, bu bəlaya qarşı effektli mübarizə maarifçilikdən və hüquq mühafizə orqanlarının peşəkar səviyyədə apardığı mübarizədən asılıdır. Son dövrlər Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, DİN tərəfindən böyük miqdarda narkotik vasitələrin tutulmasını müşahidə edirik.

NOCOMMENT.az xəbər verir ki, bunu millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında deyib.

“Cinayətkarların həbsi və narkotik vasitələrin dövriyyədən çıxarılması nə qədər müsbət hal olsa da, dövriyyədən çıxarılan narkotikin miqyası hər bir vətəndaşımızı ciddi narahat etməlidir. Ona görə də həm dövlət orqanları, həmçinin hər birimiz narkotika əleyhinə təbliğatçıya çevrilməli, hüquq-mühafizə orqanları ilə bu istiqamətdə yaxından əməkdaşlıq etməliyik. Narkotikin hansı faciələrə yol açdığını konkret faktlarla, misallarla insanların diqqətinə çatdırmalıyıq. Rastlaşdığım bir faktı açıqlayım. Prokurorluqda işlədiyim zaman gənc bir qadının itkin düşməsi ilə əlaqədar faktı araşdırarkən avtomobillərin təmiri ilə məşğul olub çoxlu pul qazanan bacarıqlı gənc bir ustanın necə narkotikə cəlb edilməsinin şahidi oldum. Həmin şəxs bir müddət sonra həyat yoldaşı olan əmisi qızını da narkotikə yoluxdurmuşdu. Artıq narkoman olduğundan bütün müştərilərini itirmişdi və bu səbəbdən pul qazana bilmədiyi üçün mehmanxanaların qarşısına gedib, xarici vətəndaşları evinə dəvət edər, onlara 50 dollar qarşılığıında həyat yoldaşı ilə yatmağı təklif edərmiş. Sonra bu minvalla da narkotik üçün pul qazanmağın çətinliyini görüb həyat yoldaşını fahişəlik etməsi üçün Dubaya göndərmişdi. Narkomanların bundan da ağır cinayətləri və qanlı əməlləri barədə saysız-hesabsız faktlar mövcuddur. Narkotikdən istifadə edən gənclər onları nəyin gözlədiyini bilməlidir. Məktəblərdə artıq 4-5-ci siniflərdən başlayaraq şagirdlərə bu mövzuda bilgi verilməlidir.

Hazırda daxili işlər naziri ciddi iradə ortaya qoyub, inanıram ki, geniş ictimai dəstəyin olacağı təqdirdə cinayət aləmində müxtəlif titullar daşıyan, cinayətkar dəstələrə başçılıq edən şəxslərə ölkəmizdə yer olmadığı kimi, narkodillerlərə də yer olmayacaq. Narkotik alveri ilə məşğul olanlarla əlbir olan, onlara keçiriləcək əməliyyatlar barədə informasiya ötürən şəxslərin dövlət hakimiyyət orqanlarında mövcudluğunu araşdırmaq və daha effektli mübarizəyə töhfə vermək üçün bu işə Dövlət Təhlükəsizliyi Xidmətinin də qoşulmasına böyük ehtiyac vardır. Narkotiklə mübarizə həm də millətin və dövlətin təhlükəsizliyi, onun genefondunun qorunmasıdır.

Bu işə Xarici İşlər Nazirliyi də cəlb olunmalı, bu sahədə fəaliyyət göstərən beynəlxalq və regional təşkilarlarla əməkdaşlıq gücləndirilməli, qonşu dövlətlərlə birgə fəaliyyət barədə razılığa gəlinməlidir. Yalnız bu halda yüz milyardlarla dolların dövriyyədə olduğu bir sahəyə qarşı mübarizədə ciddi uğurlar qazanmaq mümkündür.

Eyni zamanda, kimyəvi tərkibli ağır narkotikaya qaşı mübarizəni gücləndirməklə yanaşı yüngül, ot tərkibli marixuananın leqallaşdırılması barədə də ictimai müzakirələrin açılmasına ehtiyac var.

Bir dəfə ABŞ-da səfərdə olarkən Çikaqo Apelyasiya Məhkəməsinin Aparat rəhbəri ilə görüşürdük. Narkotiklərin yayılması barədə söhbət edərkən o dedi ki, bir gün süfrə arxasında oğlanlarından soruşub ki, kim onun üçün bir kilo narkotik maddə ala bilər. Oğlanlarının hamısı bir ağızdan deyib ki, bunu edə bilərlər. Sadəcə zaman fərqi olub, kimisi yarım saata, kimisi bir saata bunu edə biləcəyini söyləyib. Yeri gəlmişkən deyim ki, ABŞ dünyada ən güclü hüquq-mühafizə orqanları sisteminə malik olan ölkədir. Ona görə də o yüngül uyuşdurucu tərkibli otların (marixuananın) xüsusi nəzarət altında satılmasının tərəfdarı olduğunu söyləyirdi. Həm də bu yolla istifadəçi şəxslərin qeydiyyata götürülə biləcəyini vurğulayırdı”, – millət vəkili bildirib.