Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşaraq “bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış “yubka”larınızı gecə klublarında geyinin” deməsi müzakirələrə səbəb olub.
Bunu bir növ kiberbullinq də adlandırmaq olar. Bəs bu kimi halların qanunla cəzası nədir?
NOCOMMENT.az bildirir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, bununla bağlı müraciət və şikayətlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır:
“Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır”.