Dünyanın ən böyük avtomobil istehsalçılarından olan Yaponiyanın “Nissan” şirkəti maliyyə vəziyyəti ilə əlaqədar olaraq restrukturizasiyaya (dəyişiklik – red.) gedəcək.
NOCOMMENT.az “Bloomberg”ə istinadən xəbər verir ki, “Nissan” 30 sentyabr 2024-cü ildə başa çatan altı aylıq dövr üçün maliyyə nəticələrini açıqlayıb.
2024-cü maliyyə ilinin birinci yarısının maliyyə nəticələrinə görə, “Nissan”ın gəliri 79,1 milyard yen (513 milyon dollar) azalaraq 5,98 trilyon yenə (39 milyard dollar), əməliyyat mənfəəti isə 303,8 milyard yen azalaraq 32,9 milyard yenə (215 milyon dollar) düşüb.
Şirkətin xalis mənfəəti 19,2 milyard yen (125,5 milyon dollar) olub. “Nissan”ın gəlirinin azalmasına səbəb dünya üzrə satışların azalmasıdır.
İlk 6 ayda şirkətin satışları 1,6 milyon ədədə düşüb. Satışların azalması ilə əlaqədar olaraq şirkət 2026-cı ilə qədər istehsalı 20 faiz, işçi sayını isə 9 min nəfər azaltmağı planlaşdırır.
Gələn il şirkət 3,5 milyon ədəd avtomobil istehsal edəcəyini proqnozlaşdırıb.