Oktyabrın 3-də Prezident İlham Əliyev Cəbrayıl rayonunda “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub. Müəssisə 3 sahədən – damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaq.
“Hicaz Poultry” MMC-nin təsisçisi Səfər Sadiqov deyib ki, fabrik ildə 24 milyon damazlıq yumurta istehsal edəcək.
NOCOMMENT.az xəbər verir ki, sözügedən fabrikin əhəmiyyəti barədə iqtisadçı ekspert Xalid Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, damazlıq yumurta quşçuluqda xammal kimi isitifadə olunur:
“Azərbaycanda quşçuluq müəssisələri var ki, damazlıq yumurtanı yerli bazardan alırlar, idxal edirlər, bu, onlara alternativ mənbə olacaq ki, buradan da alsınlar. Beləliklə, onların alış imkanları genişlənəcək, daha yaxşı qiymətlər formalaşacaq. Burada söhbət ərzaqlıq yumurtadan getmir”.
İqtisadçı qeyd etdi ki, Azərbaycan hazırda Rusiyaya yumurta ixrac edir, ancaq Rusiya bazarı nəhəngdir və biz onlardakı çatışmazlığı təmin edə bilmirik:
“Rusiya bazarına çox cüzi ixracımız var. Azərbaycanda gündəlik yumurtanın tələbatı 3 milyon daxili bazar üçündür, 4 milyon isə istehsal gücüdür. Yəni ölkənin zatən 35 faizlik imkanları var ki, daxili bazara təsir etmədən xaricə ixrac həyata keçirsin. Hazırda Azərbaycanda yumurtalar 6-9 qəpiyə satılır. Yumurta satanların çoxu xaricə ixrac edə bilmədiyi üçün daxili bazarda satmağa çalışırlar. Hərçənd Azərbaycan MDB məkanına, Yaxın Şərqə quşçuluq məhsullarını ixrac edə bilər. Amma bu fabrik, əsasən damazlıq yumurta istehsal edəcək. Ölkədə şirkətlərin bir çoxunun ixrac üçün yumurta istehsal etməyə gücü var”.
Xalid Kərimli onu da əlavə etdi ki, yumurta ilə bağlı əsas problem onun dənəsinin ucuz, daşınma xərcinin isə böyük olmasıdır. Bu da onun qiymətini dəfələrlə artırır. Ona görə də yumurta uzaq ölkələr üçün münasib ixrac məhsulu hesab olunmur.