Bu qədər yanğın hadisələrindən sonra tədbir görülməməsi… – Heydərova ittihambackend

Bu qədər yanğın hadisələrindən sonra tədbir görülməməsi… – Heydərova ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taxta bazarındakı yanğından sonra Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat verib ki, yanğın baş verən ərazi açıq məkan olduğu üçün burada daşınmaz əmlakın icbari sığortası deyil, əmlakların yanğından və digər risklərdən sığortası növü aktualdır. Bu sığorta növü də könüllü olduğu üçün bazardakı mal və materialların sığortası olmayıb. Bildirilib ki, bəzi sahibkarlar sığortaya biganə yanaşır, eyni zamanda sahibkarlar tərəfindən sığortalanmaq üçün lazımi tələblərə riayət olunmaması halları da müşahidə olunur.

“Hər bir halda daşınmaz və daşınar əmlakların sığortası bu kimi hallar nəticəsində yarana biləcək maddi itkini qarşılamaq üçün nəzərdə tutulub və vacib əhəmiyyətlidir”, – deyə məlumatda qeyd olunub.

Bazardakı yanğından bir neçə saat sonra Binəqədi rayonunda üçmərtəbəli ticarət mərkəzində də yanğın baş verdi. Ard-arda baş verən hadisələr bir daha sığorta məsələsini aktuallaşdırır.

NOCOMMENT.az xəbər verir ki, sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov Demokrat.az-a açıqlamasında deyib ki, ölkədə daşınmaz əmlakla bağlı iki sığorta növü var və məcburi xarakter daşıyır – daşınmaz əmlakın icbari sığortası və onun istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası. Əgər bir obyektdə baş vermiş hadisə nəticəsində digərinə ziyan dəyirsə, ikinci sığorta növü tətbiq olunur:

“Əlavə olaraq daşınar əmlakın könüllü sığortası da var. Bu, yanğın və digər risklərdən sığortalanmanı nəzərdə tutur. Yəqin ki, taxta bazarındakı obyektlərin sənədi düzgün deyil, çıxarışı yoxdur. Fövqəladə Hallar Nazirliyi bütün obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına dair akt tərtib edir. Buna əsasən sığorta şirkətləri obyektə yaxınlaşanda yanğın təhlükəsizliyi qaydalarına əməl olunub-olunmadığına baxırlar. Bundan başqa sahibkarların gətirdikləri mallarla bağlı gömrük bəyannaməsi və sahibkarın VÖEN-i olmalıdır. Sığorta şirkəti buna əsasən sığorta haqqını hesablayır. Bu qaydalara riayət edilmədikdə sığorta ilə bağlı problemlər də yaranır, sığorta şirkətləri sığorta işində maraqlı olmur”.

Ekspert əlavə edib ki, sahibkarlar çox vaxt sığortalamanı ikinci plana salırlar:

“Hadisə baş verəndə isə giley-güzar edirlər, amma artıq gec olur. FHN yanğın təhlükəsizliyi qaydalarının pozulduğunu aşkar etdikdə iki dəfə xəbərdarlıqdan sonra obyekti bağlamalıdır. Bu qədər yanğın, subasma hadisələrindən sonra digər obyektlər, bazarlarla bağlı tədbir görülməməsi FHN-nin də üzərinə məsuliyyət yükləyir”.