“Bu qış daha “isti” keçəcək” – Bəşəriyyət Üçüncü Dünya müharibəsinin astanasındabackend

“Bu qış daha “isti” keçəcək” – Bəşəriyyət Üçüncü Dünya müharibəsinin astanasında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Olaf Şolts arasında iki illik fasilədən sonra telefon danışığı oldu. Söhbət zamanı Almaniya Kansleri Rusiyanı ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün Ukrayna ilə danışıqlara çağırıb. Şolts, həmçinin Almaniyanın Kiyevi lazım olduğu müddətcə dəstəkləməkdə sarsılmaz qətiyyət göstərəcəyini açıqlayıb. O, Putini münaqişəyə son qoymağa, Rusiya qoşunlarını Ukraynanın nəzarət altında saxlanılan ərazilərindən çıxarmağa çağırıb.

Bundan başqa, CNN-nin məlumatına görə, ABŞ-nin yeni seçilən prezidenti Donald Trampa görə bəzi Qərb ölkələri Rusiya ilə bağlı siyasətini yenidən nəzərdən keçirməyə başlayıblar. İddia olunur ki, Birləşmiş Ştatların Ukraynaya yardımı dayandıracağı halda Avropa Rusiya ilə üz-üzə qalacaq. Bundan çəkinən Qərb liderləri münasibətlərin gərginləşməməsinin tərəfdarıdır.

Trampın səlahiyyət müddətinin başlamasına 2 aydan az vaxtın qalması və Baydenin Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verməsinin fonunda hadisələrin bundan sonra necə cərəyan etməsi maraq doğurur.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi ekspert Elşad Paşasoy bildirdi ki, Şoltsın Putinə zəng etməsi müsbət mənada müəyyən ümidlər yaratmışdı:

“Hesab olunurdu ki, telefon danışığı zamanı dəhşətli müharibənin səngiməsi istiqamətdinə müəyyən razılıq əldə olunacaq. Vaxtaşırı Almaniyanın Rusiyaya loyal münasibət sərgiləməsi, enerji aslılığı və ondan irəli gələn məsələlər ümidləri daha da artırırdı. Zəng zamanı Putinin Şoltsa danışıqlara hazır olduğunu bildirməsi də ümidverici idi. Amma ABŞ Prezidenti Cozef Baydenin ATACMS taktiki ballistik raketləri barədə qərarı, Ukraynanın əlini daha da gücləndirdi və müharibənin növbəti dəhşətli fazaya keçməsinə səbəb oldu. Şoltsa Putinin arasında baş tutmuş telefon danışığının gərgin məcrada keçməsi və nəticəsizliyi ilə bağlı fikirlər olsa da, müharibənin daha da alovlanmasına səbəb ABŞ rəhbərliyinin qərarıdır. Bundan əvvəl Ukrayna lideri Volodimr Zelenski ümidsiz idi, az qala məğlubiyyəti etiraf etəcəyi təəssüratı yaradırdı. Amma raketlərin istifadəsindən sonra fərqli situasiyanın yarana biləcəyinə dair ehtimallar var. Pentaqonun 275 milyon dollar dəyərindəki son yardım pateki də rəsmi Kiyevin mübarizə əzmini artırmağa hesablanıb”.

Ekspert vurğulayıb ki, ABŞ-nin son qərarları Rusiya üçün bəhanə olacaq:

“Rusiya başda Kiyev olmaqla Ukrayna ərazilərinə, xüsusən də mülki əhalinin məşkunlaşdığı məntəqələrə iri çaplı zərbələr endirə bilər. Yeri gəlmişkən, ABŞ-nin Kiyevdəki səfirliyinə verdiyi təlimat da müharibənin bundan sonrakı ssenarisi barədə ehtimallar formalaşdırır. Səfirlik əməkdaşlarına sığınacaqlarda fəaliyyət göstərməsi qışın daha da “isti” keçəcəyinə işarədir. Gözlənilən idi ki, qarşıdakı aylarda Qərb rəsmi Moskvanı qıcıqlandıracaq addımlardan çəkinəcək. Lakin indi Rusiya daha qəzəblidir. Onların nüvə təhdidlərini açıq şəkildə səsləndirməsi sıradan deyil. Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də qeyd edirdi ki, Qərbdə düşünürlərsə ki, biz nüvə silahından istifadə etməyəcəyik, o zaman yanılırlar. Yeni nüvə doktrinasının təsdiq olunması da, Rusiyanın nə qədər ciddi olmasından xəbər verir. Şübhəsiz ki, belə olan halda Çexiya, Polşa, Böyük Britaniya və Fransa kimi ölkələr təhdidlə qarşı-qarşıya qala bilər. Bu mənada Polşanın son günlər təhlükəsizlik tədbirlərini gücləndirməsi də bu qəbildəndir”.

Müsahibim vurğulayıb ki, Rusiyanın təhlükəli oyunçu olduğu bir çox ölkəyə məlumdur:

“Döyüşlərə Şimali Koreyadan hərbçilər cəlb olunur. Artıq canlı qüvvələrin iştirakı fonunda NATO birbaşa döyüşlərə qatılmış olacaq. Bu da nüvə silahından istifadə ehtimalını daha da artıra bilər. Tramp Adminstrasiyasından gözləntilər böyük idi. Ancaq o da ABŞ-nin mövqeyini yürüdəcək. Bir çoxları hesab edirdi ki, döyüş hərb meydanından danışıqlar masasına keçəcək. Lakin Tramp səlahiyyətlərinə başlamadan Üçüncü Dünya müharibəsinə şahidlik edə bilərik. Ümid edirəm ki, ağıl, düşüncə qalib gələcək və tərəflər bəşəriyyətin fəlakətlərinə yönəlik addımlar atmayacaq”.