Baş nazir Əli Əsədov kvotadan əlavə iş yerlərinin yaradılması ilə bağlı qaydaları təsdiq edib. Yeni qaydalar işaxtaran vətəndaşların özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əməkhaqqı məbləğində, yəni 400 manat vəsait almasına imkan verəcək.
NOCOMMENT.az Xəzər TV-yə istinadən bildirir ki, millət vəkili Vüqar Bayramov deyib ki, həmin qaydalara əsasən Azərbaycanda kvotadan əlavə iş yerlərinin yaradılması mümkün olacaq.
Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Vüqar İmanov deyib ki, proqramın əsas mahiyyəti, özəl işə işəgötürənlərin dəstəklənməsi xarakteri, əmək bazarına çevik şəkildə qaytarılmasına yönəlmiş aktiv məşğulluq tədbiridir.
Yeni mexanizm, eyni zamanda, dövlət və özəl tərəfdaşlığın gücləndirilməsinə imkan verəcək, işaxtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq. Xüsusən də əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək.
Qeyd edək ki, bu qaydalar Prezident İlham Əliyevin təsdiq etdiyi “Məşğulluq haqqında” qanuna edilən dəyişikliklərə əsasən hazırlanıb.