““Sosial tərəfdaş” layihəsinin əsas məqsədi sosial yardım, təqaüd, pensiya və müavinət alan vətəndaşların sosial rifahını yaxşılaşdırmaq, onların gündəlik xərclərini idarə etmələrinə kömək etməkdir. Layihə çərçivəsində vətəndaşlar müxtəlif endirimlərdən və güzəştlərdən yararlana bilirlər”.
NOCOMMENT.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O, bildirib ki, bu endirimlər mağaza, aptek, market, nəqliyyat və digər şirkətlərdə tətbiq olunur:
“”Sosial tərəfdaş” layihəsinə qoşulan vətəndaşlar həm ərzaq və nəqliyyat, həm də dərman və tibbi xidmət sahələrində güzəştlərdən istifadə edə bilirlər. Onlar sosial ödənişlərini kart vasitəsilə alır və həmin kart endirimlərdən yararlanmağa imkan verir. Beləliklə, nağdsız əməliyyatlar zamanı sosial tərəfdaş güzəştləri avtomatik şəkildə aktivləşir. Layihənin əsas məqsədlərindən biri də şəffaflığı təmin etmək və dövlətlə özəl sektor arasında inteqrasiyanı gücləndirməkdir”.
Ekspertin sözlərinə görə, bu təşəbbüs aztəminatlı və həssas təbəqələrin həyat şəraitini yaxşılaşdırmaq üçün icra olunur:
“2023-cü ildən etibarən layihədən neçə nəfərin yararlandığına dair rəsmi məlumat tam açıqlanmasa da, vətəndaşlara mütəmadi olaraq SMS vasitəsilə endirim və güzəştlər barədə məlumatlar göndərilir. Bu bildirişlər tərəfdaş mağaza, aptek və digər özəl şirkətlərin təkliflərini əhatə edir”.
Ekspert bildirib ki, gələcəkdə layihənin əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur:
“Xüsusilə böyük marketlər şəbəkələrinin layihəyə qoşulması planlaşdırılır. Bundan əlavə, nəqliyyatda güzəşt kartı kimi istifadə imkanlarının tətbiqi də müzakirə olunur. Gözlənilir ki, 2026-cı ildən etibarən dövlət səviyyəsində bu istiqamətdə qərar qəbul ediləcək və sosial tərəfdaş layihəsinə qoşulan aztəminatlı vətəndaşlar nəqliyyatdan da güzəştli şərtlərlə istifadə edə biləcəklər”.
Qeyd edək ki, 2023-cü ildən Azərbaycanda pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan şəxslər üçün “Sosial tərəfdaş” adlı layihəyə start verilib.