Bu şəxslərin gəlirləri vergidən azad edilirbackend

Bu şəxslərin gəlirləri vergidən azad edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilir.

NOCOMMENT.az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Qanun layihəsi “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1936 nömrəli Fərmanının 3.3-cü bəndinə uyğun olaraq hazırlanıb.

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin siyahısı, Vergi Məcəlləsinin 102-ci maddəsində isə gəlir vergisindən azadolmalar və güzəştlər müəyyən edilib. Qeyd olunan normalarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, həmçinin mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı sosial sığorta haqqından və gəlir vergisindən azad edilən gəlirlər kimi təsbit olunub.

Beləliklə, Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin də həmin güzəştlərdən istifadə hüququnun təmin edilməsi ilə əlaqədar qeyd olunan normativ hüquqi aktlarda dəyişiklik edilməsi zəruri hesab edilib.

Qanun layihəsi DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş Qaydaları”na uyğun olaraq ödənilən bütün növ ödənişlərin (dövlət məvacibi istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilməsini nəzərdə tutur.

Layihə qəbul edildiyi təqdirdə, DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlərindən yalnız dövlət məvacibi məcburi dövlət sosial sığorta haqqına və gəlir vergisinə cəlb ediləcək.