Azərbaycanda müxtəlif sosial qruplara dəstək məqsədilə əhaliyə “ölüm pulu”, “doğum pulu”, ailə başçısını itirməyə görə müavinət, ünvanlı sosial yardım, uşaqla bağlı digər sosial müavinətlər və s. nəzərdə tutulub. Lakin bir çox şəxslər bununla bağlı məlumatlı olmadıqlarlndan bəzən bu ödənişlərdən yararlana bilmədiklərini deyirlər.
Bu ödənişlər yalnız bunun üçün müraciət edən şəxslərə verilməlidir yoxsa avtomatik hər bir şəxs üçün nəzərdə tutulub? Vətəndaşlar ödənişlərdən istifadə etmədikdə dövlət qurumu tərəfindən məlumatlandırılırmalıdırmı?
NOCOMMENT.az xəbər verir ki, sosioloq Elçin Bayramlı Referans-a açıqlamasında bu sualları cavablandırıb.
“Çox təəssüf ki, bu sahədə olduqca gülməli bir vəziyyət yaranıb. Sosial müavinətlər, onların alınma qaydası və s. haqqında ictimaiyyətə məlumat verilmir, sanki gizlədilir. Yalnız kimlər ki, məlumatlıdırsa, onlar bu müavinətlərdən istifadə edə bilirlər. Müxtəlif sosial yardımlar mövcuddur, lakin bunlardan sadəcə xəbərdar olanlar istifadə edə bilir, bu sadəcə biabırçılıqdır. Avtomatik olaraq bu kriteriyalara cavab verənlərə bu müavinətlər təyin olunmalıdır və vətəndaşa xəbər verilməlidir. Əks hal isə dövlət qurumuna yaraşan hərəkət deyil”.
Sosioloq qeyd edib ki, Azərbaycanda qanunla nəzərdə tutulan bütün sosial müavinətlər bütün vətəndaşları əhatə edir və bütün nəzərdə tutulmuş kriteriyalara uyğun olan vətəndaşlara verilməlidir.
“Ola bilər ki, vətəndaş ucqar bir kənddə yaşayır, savadsızdır, xəbərdar deyil bu məsələlərdən. Bu o demək deyil ki, o öz qanuni haqqından məhrum olmalıdır. Hətta vətəndaş həmin dövrdə gedib müavinəti almasa belə müraciət etdiyi andan etibarən dövlət büdcəsindən həmin pul ona verilməlidir. Aidiyyatı qurumların işi də elə birbaşa budur. Onlar araşdırmalı, həmin kriteriyalara uyğun olan vətəndaşları tapmalı və onları müraciət etmələri üçün məlumatlandırmalıdırlar. Amma onlar sadəcə kabinetlərində oturub bunun heç birini etmirlər. Belə çıxır ki, bununla bağlı ayrıca bir qərar verilməlidir. Başqa cür yanaşma ola bilməz, hər kəs öz işini görməlidir. Cərimə və s. almaq lazım olduqda vətəndaş tez və asanlıqla tapırlar. Amma bu məsələyə gəldikdə isə tapa bilmirlər. Lakin bu belə deyil, sistemə baxış etdikdə həmin məlumatları asanlıqla görmək olar”.