Bu tələbələr işlə təmin olunacaq –  RƏSMİbackend

Bu tələbələr işlə təmin olunacaq – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) və Azərbaycan Tibb Universiteti (ATU) arasında birgə əməkdaşlığa başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, əməkdaşlıq çərçivəsində ölkədə kadr hazırlığı prosesinə dəstək, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması və tələbələrin iş mühiti ilə tanışlığına şərait yaratmaq kimi məsələlər nəzərdə tutulub.

Bu gün TƏBİB-in tabeliyindəki “Yeni klinika” tibb müəssisəsində Azərbaycan Tibb Universitetində təhsil alan III, IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunmaları ilə bağlı görüş keçirilib.

Görüşdə TƏBİB-in İcraçı direktorunun müavinları Araz Nəsirov və Anar İsrafilov, İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova, ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev, ATU-nun I Müalicə-profilaktika fakültəsinin dekanı Elşad Novruzov, II Müalicə-profilaktika fakültəsinin dekanı İsrayıl Məhərrəmbəyov, TƏBİB-in tabeli tibb müəssisələrinin rəhbərləri və ATU-nun III, IV, V və VI kurs tələbələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova ilk olaraq iştirakçıları salamlayıb və TƏBİB haqqında ətraflı məlumat verib. O, vətəndaşların sağlamlığının qorunması, tibbi xidmətə əlçatanlığının təmin edilməsi, dövlət tibb müəssisələrində xidmət standartlarının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüldüyünü qeyd edib:

“Tibb müəssisələrinin yüksək standartlara cavab verən avadanlıqlarla təmin edilməsi, tibb işçilərinin rifahlarının yaxşılaşdırılması, yeni xəstəxanaların inşa edilməsi yönündə ölkə rəhbərliyi tərəfindən atılan addımlar bizi müasir tibbi çağırışlara daha tez adaptasiya olmağa sövq edir”.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov TƏBİB-in fəaliyyəti ilə bağlı iştirakçılara geniş məlumat verib və müəyyən olunan hədəflərdən, görüləcək işlərdən danışıb.

A.Nəsirov bildirib ki, cari ilin ötən müddəti ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə 12 min 440 işçi işə qəbul olunub:

“Tibb müəssisələrində çalışan işçilərin sayı 97 min 215 nəfərdir. Onların 16 min 381 nəfəri həkim, 38 min 949 nəfəri orta tibb işçisi, 22 min 608 nəfəri kiçik tibb işçisidir”.

Çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov tabeli tibb müəssisələrində tibbi xidmətin keyfiyyətinin artırılması üçün görüləcək işlər barədə məlumat verib. A.İsrafilov TƏBİB və ATU arasında baş tutacaq əməkdaşlığı ölkə səhiyyəsinin daha da inkişaf etdirilməsi adına olduqca mühüm və əhəmiyyətli hadisə kimi qiymətləndirib.

Daha sonra çıxış edən ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru Sabir Əliyev universitetində təhsil alan III, IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunmaları istiqamətində görüləcək işləri yüksək qiymətləndirib. Prorektor bildirib ki, tələbələrin hələ təhsil aldıqları müddətdə işlə təminatı və əmək mühiti ilə tanış olması onların gələcək karyeralarında mühüm rol oynayacaq.

TƏBİB-in tabeli tibb müəssisələrinin rəhbərləri də işin təşkili barədə iştirakçılara geniş məlumat verib.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.