“İnsanların şəxsiyyətləri güc və vəzifə zamanı ortaya çıxar” kimi müdrik fikir ABŞ-nin 16-cı prezidenti olmuş Avraam Linkolna məxsusdur.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadəyə etiraz əlaməti olaraq əməkdar artist Mehriban Xanlarovanın 1998-ci ildən yanvarın 1-dən etibarən çalışdığı sənət məbədindən istefa verdiyi xəbərini oxuyarkən, istər-istəməz Linkoln yada düşdü.
Əslində Mehriban Ələkbərzadə kimi şəxsin “Azdrama”ya bədii rəhbər vəzifəsinə təyin olunmasından bəri bu sənət məbədində qalmaqalların səngimədiyi təəccüb doğurmur.
NOCOMMENT.az mənbəyə istinadən xəbər verir ki, vaxtilə o, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin müəllif proqramları departamentinin direktoru vəzifəsindən məhz öz əməkdaşları ilə təkəbbürlü davranışı səbəbindən azad edilmişdi.
Maraqlıdır ki, Mehriban Ələkbərzadənin “Vikipediya”dakı bioqrafiyasında AzTV-də department direktoru vəzifəni tutması ilə bağlı bir cümlə belə yoxdur. “Space”dəki fəaliyyətindən sonra bioqrafiyasında “2008-ci ilin əvvəllərində mətbuata açıqlamasında rejissor televiziya fəaliyyətinə son qoyduğunu bildirib” yazılıb.
Halbuki, o dövrü xatırlayan mənbənin sözlərinə görə, Mehriban Ələkbərzadə onunla müqavilə müddətinin uzadılmamasına görə mediada AzTV-nin o dövrdəki rəhbərliyinə qarşı “savaş” açmışdı və o zaman kadr məsələsinin televiziyanın daxili məsələsi olduğunun heç fərqinə varmırdı. Lakin həmin prosesin qanuni əsaslarla həyata keçirildiyini anladıqdan sonra bu “savaşı” dayandırdı və televiziyadan teatr sahəsinə keçdi.
İki Mehribandan hansının budəfəki savaşda haqlı olub-olmadığını əlahəzrət zaman göstərəcək. Təəccüblüsü odur ki, indi vəzifə kürsüsünə yiyələnən Mehriban Ələkbərzadə ona savaş açanları “şou” ilə məşğul olmaqda qınayır.
Məsələn bu ilin may ayında o, mediaya açıqlamasında deyib ki, “Bu teatrın daxili məsələsidir. Niyə teatrın daxilində olan məsələ kənarda həll edilməlidir?! Bunu şouya çevirmək olmaz. Yeni nəsil teatrda yetişməlidir, 60 yaşlı biri 20 yaşında olan obrazı canlandıra bilməz. Şou-proqram qəhrəmanları indi də bu məsələni şouya çevirmək istəyirlər. Bunu özünə yaraşdıran yaraşdırır. Mən bu şounun iştirakçısı olmaq istəmirəm. Bir daha deyirəm: teatra yeni nəsil gəlməlidir. Yaşlı nəslin nümayəndələri də öz bacarığına uyğun rol almalıdır. Teatrın rəhbərliyi, idarə edəni, kollektivi var. Artıq formadan düşənlər, yaşı ötmüşlər, həmişə baş rol almaq həvəsində olanlar, cavanlıq illərində ala bilmədiyini indi almaq istəyənlər rol davası edirlər. Axı, teatra yeni nəfəs də gəlməlidir”, – Mehriban Ələkbərzadə deyib.
İndi gözünə döndüyüm aktyorlar da durub desinlər ki, 60 yaşlı Mehriban Ələkbərzadədən bədii rəhbər və rejissor olmaz, teatra cavan bədii rəhbər və rejissor lazımdır, biz yeni nəfəs istəyirik. O zaman nə olacaq?! Çox təəssüf ki, bəzi insanlar vəzifələrin gəldi-gedər olduğunu, insanlara, özü də yaradıcı şəxslərə mehribanlıqla və qayğı ilə yanaşmağın vacibliyini unudurlar. Hər halda incə sənətin adı da bunu tələb edir.
Deyirəm, nə yaxşı ki, dünyanın ən yaşlı aktyoru hesab edilən 102 yaşlı Vladimir Zeldinin bəxti gətirmişdi ki, Mehriban Ələkbərzadə kimi bədii rəhbərin əlinə düşməmişdi. Yoxsa nə 100 yaşını teatr səhnəsində qarşılaya bilərdi, nə də ölənədək əsas tamaşalarda baş rollarda oynayardı.
Murad İsgəndər













