Buna görə məsuliyyətə cəlb olunanlara AMNİSTİYAYA DÜŞMÜRbackend

Buna görə məsuliyyətə cəlb olunanlara AMNİSTİYAYA DÜŞMÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırkı Amnistiya Aktı cinayət törətmiş şəxslərin cəzadan azad edilməsi, şəxslərə təyin olunmuş cəzanın müddətinin azaldılması, məhkumluğun götürülməsi və cinayət təqibinə xitam verilməsi formasında reallaşacaq”.

NOCOMMENT.az xəbər verir ki, bunu APA-ya Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O, qərar layihəsində amnistiya tətbiqinə qoyulan məhdudiyyətlərin də nəzərdə tutulduğunu bildirib: “Cinayət Məcəlləsinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasını ehtiva edən 139-1 maddəsi də həmin məhdudiyyətlərin dairəsinə daxildir. Bilirsiniz, amnistiya humanist iradə ifadəsidir, lakin amnistiya aktı hazırlanarkən real situasiya nəzərə alınır ki, şəxsiyyət, cəmiyyət və dövlətin cinayətkar qəsdlərə məruz qalma ehtimalı minimallaşdırılsın. Bu maddənin məhdudiyyətə məruz qalmasına gəlincə, pandemiya davam etsə də, vurğulamalıyıq ki, Cinayət Məcəlləsinin 139-1 maddəsinin sanksiyasına məruz qalan vətəndaşların sayı elə də çox deyil.

Cərimə sayının çox olması barədə deyilənlərə gəldikdə, karantin rejiminin pozulmasına görə tətbiq edilən cərimələrin tam mənada əksəriyyəti cəza yox, inzibati tənbeh tədbiridir. Yəni bu əməllər Cinayət Məcəlləsinin 139-1-ci maddəsi yox, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin sanksiyasına məruz qalıb. Ümumiyyətlə, statistikaya baxsaq, Cinayət Məcəlləsinin 139-1-ci maddəsi çox az, yalnız xüsusi hallarda tətbiq edilir”.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar Cinayət Məcəlləsinə 2020-ci il 17 mart tarixində əlavə edilən 139-1-ci maddə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ilə bağlıdır.

Maddəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan olunması təşəbbüsü ilə çıxış edib. Amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə görə bu aktın ən böyük amnistiya olacağı ehtimal edilir.

“8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi parlamentin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.