Buraxılış imtahanında ingilis aksenti QALMAQALI – AÇIQLAMAbackend

Buraxılış imtahanında ingilis aksenti QALMAQALI – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il IX sinfi başa vuran bir sıra şagirdin valideyni, iyun ayının 10-da keçirilən buraxılış imtahanı zamanı övladlarının ingilis dili fənnindən “dinləmə” ilə (listening) bağlı verilən suallarda çətinlik yaşadıqlarını iddia edib.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı yeniavaz-a müraciət edən valideynlər iddia edirlər ki, orta məktəblərdə ingilis dili fənni Britaniya aksenti ilə tədris olunduğu halda, imtahanda dinləmə zamanı şagirdlərə Amerika aksenti ilə danışan səs dinlədilib. Buna görə də şagirdlər səsləndirilən mətni anlamaqda çətinlik çəkiblər və bu da imtahanın nəticəsinə təsir edib.

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə məsələ ilə bağlı bildirib ki, məsələ qurumun ekspertləri tərəfindən araşdırılıb: “Mətnə ekspertlər tərəfindən yenidən qulaq asıldı. İmtahanda istifadə olunan mətnin səsləndirilməsi Britaniya tələffüzünə uyğun olaraq həyata keçirilib”.

Orta məktəblərdə ingilis dilinin hansı ölkənin tələffüzünə uyğun tədris olunduğunu öyrənmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.

Təhsil eksperti Qoşqar Məhərrəmov isə bildirib ki, orta məktəblərdə ingilis dilinin hansı ölkənin tələffüzünə uyğun tədris olunması ilə bağlı qayda yoxdur: “Sadəcə olaraq dünyada ingilis dilinin təlimi ilə bağlı kitabların əksəriyyəti İngiltərə tərəfindən istehsal olunur, Amerika tərəfindən yox. Bizim dərsliklər də əsasən “Oksford” və “Kembric”(İngiltərənin ən qədim iki universiteti) universitetlərinin məlumatları əsasında hazırlanır. Ona görə də, əgər imtahanda dinlədilən mətnin Amerika ingiliscəsində olduğu tam təsdiq olunarsa, tələffüzdə həqiqətən də dilin normal öyrənmə üslubuna uyğun olmayan sözlər səsləndirilibsə, buna görə məhkəməyə müraciət edə bilərlər”.