Çağırış: Pandemiyanın sönməsini istəyiriksə, cəmi iki şərtə əməl etməliyikbackend

Çağırış: Pandemiyanın sönməsini istəyiriksə, cəmi iki şərtə əməl etməliyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pandemiyanın sönməsini istəyiriksə, cəmi 2 şərtə əməl etməliyik. Buster doza almalı və mövcud karantin qaydalarına, gigiyenik tələblərə əməl etməliyik”.

NOCOMMENT xəbər verir ki, bunu “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru, “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli deyib.

O qeyd edib ki, artıq iki ildir ki, dünya koronavirusla mübarizə aparır. Bu müddət ərzində 325 milyona yaxın insan COVİD-19 infeksiyasına yoluxub, 5,5 milyondan artıq insan bu virusdan həyatını itirib: “Müşahidələr göstərir ki, virusla mübarizədə müəyyən nəticələr əldə edilsə də, hələlik bunun qarşısını almaq mümkün olmayıb. Son olaraq koronovirusun omikron ştamı sürətlə yayılmağa başlayıb, ciddi narahatlıqlar müşahidə edilməkdədir. ABŞ, Hindistan, Braziliya, Böyük Britaniya, Fransa, Rusiya yoluxma statistikasında ön sırada dayanır.

Sevindirici hal ondan ibarətdir ki, COVİD-19-a qarşı effektiv peyvəndlər yaradılıb. Ümumdünya Səhiyyə Təşkilatı, mütəxəssislər ilk günlərdən vurğulayır, bəyan edirlər ki, pandemiyanın endemik xarakter alması, sönməsi üçün effektiv, optimal yol peyvəndlənməkdir. Bu proses nə qədər sürətlə gedərsə, insanlar buster doza alarsa, dünya bu virusdan o qədər tez xilas olar və biz əvvəlki, normal həyata dönə bilərik.

Lakin təəssüflər olsun ki, bu proses ləng gedir. ÜST-ün strategiyası belə idi ki, ən çoxu 2022-ci ilin sonunadək dünya əhalisinin 70 faizi peyvəndlənsin. Ancaq buna nail olmaq mümkün olmadı.

Bunun iki səbəbi var. Birincisi odur ki, peyvəndlər ədalətsiz bölünür, “vaksin millətçiliyi”ni aradan qaldırmaq olmur. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı bir neçə dəfə dünyaya səslənib, peyvəndlərin ədalətli bölünməsinə çağırışlar edib. Amma təəssüflər olsun ki, biz peyvənd strategiyasında da ikili yanaşmaların davam etdiyini görürük. Dünyada bununla bağlı konkret normalar müəyyən edilməlidir.

Bir məqamı xüsusi vurğulamalıyıq ki, bütün çətinliklərə rəğmən Azərbaycan ölkə əhalisinin peyvəndlənməsi üçün lazımi qədər peyvəndlər alıb və almaqda davam edir. Bu, ölkə rəhbərliyinin vətəndaşlara qayğısının daha bir nümunəsidir.

İkinci səbəb isə bir çox ölkələrdə vaksinasiya prosesinin ləng getməsi, buster doza alanların sayının azlığıdır.

Habelə, biz onun da şahidi oluruq ki, omikron dalğası peyvəndlənmə faizi nisbətən yuxarı olan ölkələrdə də sürətlə yayıldı. Bu, o nəticəyə gəlməyə əsas verir ki, insanlar arxayınlaşmamalıdır, gigiyenik şərtlərə, pandemiya qaydalarına davamlı olaraq əməl etməlidir. ÜST belə bir proqnoz da verib ki, mövcud vəziyyət davam edərsə, omikron ştamına qarşıdakı 2 ay ərzində hətta Avropa əhalisinin yarısından çoxu yoluxa bilər. Düzdür, omikron əvvəlki ştamlarla müqayisədə daha az təhlükəli hesab olunur, bundan yayınmaq və sağalmaq daha asandır. Ancaq bizim qarşımızdakı məqsəd odur ki, pandemiya bitsin, istənilən halda bu virusa yoluxmamaq lazımdır”.

QHT təmsilçisi vurğulayıb ki, virusa yoluxanların sayının rekorda doğru getməsi təbii olaraq səhiyyə sistemini yükləyir və bu zaman avtomatik olaraq vətəndaşlar üçün də çətin durum yaranır: “Bütün bunların fonunda şükürlər olsun ki, görülən tədbirlər nəticəsində Azərbaycanda dünyanın bir çox dövlətləri, o cümlədən Qərb ölkələri ilə müqayisədə koronavirusla bağlı vəziyyət nəzarətdədir, durum məqbul səviyyədədir. Ölkəmizdə 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə hazırda 10 min çarpayı ayrılıb və hazırda onlardan cəmi 10-11 faizi doludur. Rəqəmlərə, rəsmi statistikaya, təcrübəyə əsaslanıb deyə bilərik ki, Azərbaycanda yoluxma sayı sürətlə artarsa belə, bunun öhdəsindən gəlmək üçün kifayət qədər imkanlar, avadanlıqlar və dərmanlar, ləvazimatlar var.

Vaksinləşmədə də vəziyyət ürəkaçandır. 18 yaşdan yuxarı olan əhalinin təxminən 65 faizi artıq peyvəndin hər iki dozasını alıb. Buster dozanı vurduranların sayı 1,7 milyonu ötüb. İndiyədək ölkəmizdə vurulan vaksinlərin ümumi sayı 12 milyona yaxındır.

Bu o deməkdir ki, Azərbaycanın gördüyü profilaktik tədbirlər pandemik vəziyyətin tam nəzarətdə saxlanılması ilə nəticələnib. Bunun sevindirici tərəfi ondan ibarətdir ki, insanları daha çox narahat edən qapanmalara Azərbaycanda ehtiyac olmadığı qənaətinə gəlmək olar. Real vəziyyət sərt qaydaların bərpasına zərurət yaranmadığını göstərir.

Əgər bu cür davam etmək istəyiriksə, bir vətəndaş olaraq üzərimizə düşən iki vacib məsələyə əməl etməliyik:

1. Buster doza vurdurmalıyıq;
2. Omikron ştamına, daha sonra yayıla biləcək ştamlara yoluxmamaq üçün məsuliyyətli olmalı, gigiyenik və karantin qaydalarının, sosial məsafənin qorunmasında intizamlı davranmalıyıq”.