Canındakı gənclik qoxusunu torpaq qoxusuna dəyişən oğlum şəhid olacağını hiss edirmiş…backend

Canındakı gənclik qoxusunu torpaq qoxusuna dəyişən oğlum şəhid olacağını hiss edirmiş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bizə demirdi, qardaşına deyirmiş ki, ermənini biçirik, heç birindən qorxmuram. Muradın 19 yaşı var idi. Komandir deyirdi ki, 1 saat dincəlin. O dincəlmirdi, sürünə-sürünə də olsa gedib o biri uşaqlardan xəbər bilirdi. Çünki evdə də elə idi, bir yerdə dayanmırdı. O bütün zarafatları ilə hamının üzünü güldürürdü, indi onun yoxluğu ailənin bütün sevincini götürüb aparıb”.
NOCOMMENT.az xəbər verir ki, bunu moderator.az-a şəhid Murad Əliyevin anası Reyhanə Əliyeva deyib. O daha sonra oğlu ilə bağlı xatirələrini bölüşüb.
“O, bizim ən ağıllı övladımız idi. Bizə heç bir zaman dərd, fikir yaşatmayıb. Bütün çətinliklərini qardaşı ilə danışırdı, bölüşürdü. İşdən gələrdi, görərdi ki, kefimiz yoxdur, soruşardı ki, nə olub sizə? Əlini salardı boynumuza, qucaqlayardı bizi. Deyərdi ki, durun gedək harasa, qoymazdı qaşqabaqlı oturaq. Canına hopan gənclik qoxusunu torpaq qoxusuna dəyişən oğlum şəhid olacağını hiss edirdi sanki. Lakin o heç vaxt bizə bu barədə nəsə deməyib. Əksinə, deyirdi ki, sağ-salamat gələcəyəm, fikir etməyin. Yanından gələnlər danışdılar, dedilər ki, biz evlə halallaşdıq, ancaq Murad halallaşmadı. Öz-özümə də hərdən deyirəm ki, uşaq evə zəng edirdi, mən ağlayırdım yəqin fikirləşib ki, yenə ağlayaram, ona görə heç nə deməyib, halallaşmayıb. Ancaq bir adam var, ona zəng edib noyabrın 2-si deyib ki, Şuşaya giririk, şəhid olsam, xoş halıma, amma bilirəm ki, anam ağlayacaq. Murad özü ilə dəftər-qələm gəzdirərmiş, darıxdıqca hisslərini yazarmış. Şəhid olduğu vaxt qəlpə onun qələmini də qırmışdı”, – deyə Reyhanə Əliyeva bildirib.
Murad sirrini həmişə qardaşı Vasiflə bölüşərdi. Vasif də Moderator.az-a qardaşı ilə bağlı xatirələrini bölüşüb. 
“Mən böyük ola-ola, güvəncim qardaşım idi. Şəhid olarkən üstündən bir bıçaq çıxdı. Üstündən çıxan bıçağın tarixçəsini Muradın yanında olan uşaqlar, qazilərimiz sonra mənə danışdılar. Onların görüntülərini azdan-çoxdan görmüşük, internetdə, özümüzdə də var. Baxırsan ki, bütün şəhidlərin arasında heç canlı uşaq yoxdur, hamısı elə çəlimsiz, arıq uşaqlardır. İnsanın ağlına bir sual gəlir ki, bu cür uşaqlar o boyda düşməni necə məhv ediblər? Necə qorxmadan üstlərinə gediblər? Bunun özü möcüzə, torpağa olan sevgi, məhəbbətdir. Qardaşımın ölümündən sonra aldığı “Vətən uğrunda”, “İgidliyə görə”,  Xocavənd, Cəbrayıl və Şuşanın azad edilməsinə görə medalları keçdiyi şərəfli döyüş yolunun nişanələridir”, – deyə şəhidimizin qardaşı bildirib.