Cəlilabad İH sentyabrda açılışı olan məktəbin tikintisinə noyabrda icazə verib – FOTObackend

Cəlilabad İH sentyabrda açılışı olan məktəbin tikintisinə noyabrda icazə verib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad Rayon İcra Hakimiyyəti rayonun Sərhədabad kəndində 360 şagird yerlik tam orta məktəb binasının tikintisi üçün icazə verib.

NOCOMMENT.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə məlumat 22 dekabr 2023-cü il tarixində Tikintilərin Dövlət Reyestrinin elektron bazasına yerləşdirilib.

Məlumatda göstərilir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti Elm və Təhsil Nazirliyinin sifarişinə əsasən Sərhədabad kəndində 360 şagird yerlik tam orta məktəb binasının tikintisinə 27 noyabr 2023-cü il tarixli 15 saylı sənəd əsasında icazə verib.

Açıqlanan məlumatlarda göstərilir ki, 12 iyun 2023-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə 3-35-2/2-1914/2023 saylı, həmçinin 10 iyul 2023-cü il tarixində tikinti layihəsinə dair 35 435 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikintisinə icazə verilən məktəbin tikinti sahəsi 1941,63 kv. metr, ümumi sahəsi 3559,92 kv. metr, mərtəbələrinin sayı isə 3 olacaq.

Lakin, qeyd edək ki, bu ilin sentyabr ayında Heydər Əliyev Fondu tərəfindən Sərhədabad kəndində 360 şagird yerlik məktəb binasının açılışı olub. Mətbuatda yer alan məlumatlardan belə görünür ki, məktəbin tikintisinə bu ilin yanvar ayından başlanılıb.

Maraqlıdır ki, sentyabr ayında istifadəyə verilən məktəb binasının tikintisinə noyabr ayında icazə verilib.

Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-ci maddəsində açıq şəkildə göstərilir ki, tikintiyə icazə verən orqan tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir.