Sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində Bakı şəhər sakini olan Elvin Süleymanzadənin idarə etdiyi “Niva” markalı avtomobil saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan müvafiq yoxlama zamanı sürücü ilə yanaşı avtomobildə olan Bakı sakinləri Nahid Qasımov, Habil Əsədov və 3 nəfər qadının heç bir müvafiq icazə olmadan, karantin qaydalarını pozaraq Bakı şəhərindən Cəlilabada getdikləri müəyyən edilib.
Onların dincəlmək məqsədilə, piknik təşkil etmək üçün gəldikləri məlum olub.
Həmin 6 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar.
Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.