Bakı sakinlərinə şad xəbər - Bir neçə gün sonra...

Bakı sakinlərinə şad xəbər - Bir neçə gün sonra...

Hər il tədris ilinin sonuna doğru Bakı küçələrində yaşanan gərginlik pik həddə çatır. Səhər və axşam saatlarında metrostansiyaların qarşısı, mərkəzi küçələr və təhsil müəssisələrinin ətrafı keçilməz bir tıxac poliqonuna çevrilir. Hazırda paytaxt yollarında müşahidə olunan mənzərə də məhz bu illik sıxlığın növbəti dalğasıdır. Həm valideynlərin övladlarını məktəbə çatdırmaq təlaşı, həm də şəhərdəki ümumi aktivlik hərəkəti xeyli çətinləşdirir. Lakin bu gərgin ritmin başa çatmasına çox az vaxt qalıb.

NOCOMMENT.az xəbər verir ki, iyunun 12-də ümumtəhsil orta məktəblərində son zəngin çalınması ilə Bakının nəqliyyat sistemində kəskin dəyişikliklər baş verəcək. Məktəblərin bağlanması, ardınca isə ali təhsil müəssisələrində davam edən imtahan sessiyalarının yekunlaşması şəhərdəki hərəkətliliyi minimuma endirəcək. Hər gün minlərlə avtomobilin iştirakı ilə dərslərə çatma qayğısı bitdikdən sonra, paytaxt küçələri nəhayət ki, rahat nəfəs ala biləcək. Ötən illərin təcrübəsi də göstərir ki, yay mövsümünün rəsmən başlaması ilə yollardakı yük təxminən yarıbayarı azalır.

Bu dövr həm də paytaxt sakinlərinin və tələbələrin bölgələrə, istirahət zonalarına axını ilə müşayiət olunur. Məktəblərin bağlanması ilə ailələr yay tətilini rayonlarda və ya bağ evlərində keçirməyə üstünlük verirlər. Bu isə şəhərin süni şəkildə artan əhalisinin müvəqqəti olaraq azalması deməkdir. Universitetlərdə imtahanların bitməsi ilə on minlərlə tələbənin də Bakını tərk etməsi paytaxtın nəqliyyat və infrastruktur yükünü yüngülləşdirən əsas amillərdən biri olacaq.

Tıxac problemindən və ictimai nəqliyyatdakı sıxlıqdan əziyyət çəkən insanlar narahat olmasınlar: iyunun 12-dən etibarən Bakıda fərqli bir mövsüm başlayacaq. İllərdir müşahidə olunan təcrübə göstərir ki, yay aylarında Bakı küçələri daha sakit, magistrallar isə daha açıq olur. Sürücülər hər gün saatlarla vaxt itirdikləri yolları dəqiqələr içində qət edə biləcəklər. Bu müvəqqəti sakitlik paytaxtın həm ekoloji vəziyyətinə, həm də şəhərdə qalan sakinlərin gündəlik psixoloji durumuna müsbət təsir göstərəcək və paytaxt sentyabr ayına qədər özünün ən dinc dövrünü yaşayacaq.

Bu narahat dünyamızda üç aylıq rahatlıq da qazanc sayılır…\\metbuat.az