Azərbaycanda qoyun əti ilə tam özünütəminetmə səviyyəsinə nail olunması hədəflənir.
NOCOMMENT.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Onun sözlərinə görə, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında heyvandarlıq sektorunun inkişafı üzrə mühüm tədbirlər nəzərdə tutulub. İntensiv heyvandarlığın genişləndirilməsi məqsədilə yeni təsərrüfatlar yaradılacaq, damazlıq heyvanlarla təminat gücləndiriləcək, süd və dəri toplama məntəqələri qurulacaq.
Eyni zamanda yem istehsalının texniki təminatının yaxşılaşdırılması və subsidiyaların tətbiqi planlaşdırılır.
Nazir müavini bildirib ki, xırdabuynuzlu heyvandarlığın inkişafı hesabına qoyun əti ilə tam özünütəminetmə səviyyəsinə nail olunması nəzərdə tutulur. Bu məqsədlə yarım-intensiv qoyunçuluq təsərrüfatlarının yaradılması, yun toplama məntəqələrinin təşkili, örüş və otlaq sahələrinin bərpası, həmçinin təsərrüfatların içməli su təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.
Gülər
NOCOMMENT.az











