Cəmiyyətin BOŞANMIŞ QADIN qorxusubackend

Cəmiyyətin BOŞANMIŞ QADIN qorxusu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xalqının ən qədim xüsusiyyətlərindən biri də NAMUS anlayışıdır. Əslində namus anlayışı daha geniş anlayışdır. Buraya dil namusu, göz namusu, əqidə namusu, düşüncə namusu da sığır. Namus tək qadına məxsus bir anlayış olmamalıdır. Əgər belə olarsa, tarixə nəzər salsaq, Yusifi Züleyxadan qaçıran nə idi o zaman ? Təbii ki, namus bir cinsə – qadına məxsus ola bilməz və dünya tarixində də çox sıralana bilər. Ancaq qayıtsaq Azərbaycana və azərbaycançılıq anlayışına namus qadınlara məxsus abır, həya, ismət çarşovuna bürünmüş bir nəsnədir.

Cəmiyyətin BOŞANMIŞ QADIN qorxusu… Yaxınların, doğmaların, qadının ailəsinin boşanmış qıza, boşanmış bacıya, boşanmış xalaqızına, əmiqızına qarşı bir həyacanı, qorxusu həmişə – bu gün də Azərbaycan ailələrinin, xüsusən də Azərbaycan KİŞİLƏRİNİN ürəyində bir xofdur.

Bu nəyə görə belədir? Boşanmış qadın cəmiyyətə ləkədirmi? Nəzərə alaq ki, bu gün boşanan qadın bir vaxtlar zorla ərə verilmiş, hər şey düzələcək deyilib aldadılmış, ərin, ailənin nə olduğunu hələ tam anlamayan qızlar deyillərmi? Necə ki, bütün dövrlərin böyük şairi Sabir deyir: “Nola bir evdə qoyaydız qarabaş, Verməyəydiz məni bu əbləhə, kaş!..” Bəli, kaş ki, qızlar sevmədikləri, inanmadıqları əbləhlərə verilməsəydi. Verildikdən sonra da onun boşanar, boşandıqdan sonra da nələr baş verər qorxusunu yaşanmasaydı. Yaxşı, tutaq ki, biz qızlarımızı evləndirmişik. Bəs nəyə görə onların boşanmasından bu qədər qorxuruq? Boşanan qadın əgər ziyalıdırsa, boşanan qadın özünü idarəni dərk edibsə, özünü tanıyıbsa, özünü qiymətləndirib, özünü sorğulamaq mənliyinə malikdirsə, cəmiyyət nədən qorxur?.. Bəs o qadın özü niyə boşanmaqdan qorxur?..

Qorxudulur! Bəzən evlərdə hər gün döyülən, təhqir olunan, fiziki, sözlü zorakalığa məruz qalan aygünlər (S.Vurğunun Aygün poeması) susmalı olurlar. Niyə susur bu aygünlər, niyə dözürlər? Əmirxanlara qurban olan aygünlər niyə qorxur boşanmaqdan?

Çünki cəmiyyətin boşanmış qadına baxış anlayışı fərqlidir. Boşanmış qadın ərinə tabe olmayan, adət-ənənələrə naxələf çıxmış, hətta bəzən bir ailənin, daha geniş mənada nəslin, bəlkə də “üz qarasına çevrilən qadını” hesab olunur. Boşanmış qadın hər kəsin dilində fərqli səslənən bir səhnənin ulduzu kimidir. Qaynana onu başqa cür danışır, baldızı başqa cür, qonum-qonsu, yaxın-uzaq başqa cür, öz qohum-əqrabası başqa cür. Hətta Azərbaycan kişisinin hamısına xas olmasa da, bugünkü gördüyümüz mənzərələrdən – boşandıqdan sonra öz həyat yoldaşı haqqında dediyi sözləri, ağır ittihamları eşitmək özü də utancvericidr. Qadının yaşayış tərzinə tabe olmayan, bəlkə də həqiqətdə onun yaşayış tərzini qəbul edəcək səviyyədə olmayan, azad, ekonomik gəlirlərini layiqincə özü qarşılayan, öz ayağı üzərində durmağı bacaran bir qadın haqqında öz ərinin dediyi sözlər.

Bəli, əsas bax, bu bizim cəmiyyətin yeri gəlsə üzqarasıdır deyə bilərik. Və Azərbaycan qadınlarını boşanmaqdan qorxudan səbəblərin başlıcası budur. Bəs qadının öz ailəsi, ata-anası, yaxınları, qohumları-qonşuları, QARDAŞI… Bəzən qadını boşanmaqdan qorxudan əsas məsələ öz ailəsi də görüləndir. Deməli, qadın boşanarkən təkcə öz ərindən deyil, iki ayrı nəsildən boşanır eyni zamanda. Hər iki tərəf onu anlamır, onu xor görür, istənilməyən, sevilməyən, seçilməyən bir qohum kimi kənarlaşdırıla bilir. Artıq o qadın nə danışırsa danışsın, nə edirsə etsin, onun heç bir işi, mübarizəsi, uğuru dəstəklənmir, bəyənilmir, əksinə o, bəzən qınaq obyekti, hətta üzdəniraq insanıdır. O kimdən ağıllı, müdrik, ziyalı olursa olsun, ona daim məsləhətlər verilir, boyuna arşın ölçülür, hətta barmaq silkələnir…

Qadın gənc qızkən ağ gəlinlik geyinib ata evindən çıxan zaman, “ağ gəlinliklə çıxdığın evə yalnız ağ kəfənlə qayıda bilərsən”, “gəlin evin süpürgəsidir”, “gəlinin yaxşısı dili lal, gözü kor, ayağı topal olanıdır” və s. kimi “hikmətli söz boğxçamız” qadının sonrakı taleyinə möhür vurur və onda boşanmaq fobiyası, ümimiyyətlə birdən pis gəlin olaram təlaşını, haqqını müdafiədə aciz qalmaq və cəsarətsizliyə gətirib çıxarır.

Bilirsinizsmi, dövr dəyişilir, cəmiyyət dəyişilir, dünyaya baxış bucağı dəyişilir. Biz deyə bilmərik bu sözlər yanlışdır, bəlkə də bu yanaşmalar bundan yüz il əvvəl deyilə biləcək məsləhətlər, nəsihətlər idi. Ancaq günümüzün hər günü digərindən fərqli olduğu, hər saniyənin yeniliklər gətirdiyi bir dövrdə bu fikirlər bu gündəmi yerində və ya aktuallığını qorumaqdadırmı? Xeyr, belə olmamalıdır, çünki gününmüzün qadını artıq öz sözünü deyə bilən, müasir, qurub-yaradan, savadlı, ziyalı qadındırsa, o qadın özü kariyerasını da, həyat, yaşam tərzini də özü yaratmağı bacaracaqdır.

Hər bir qadın öz həyatının naxışını özü vurmaq bacarığındadır

Əgər əlvan rəng çalarları ilə həyatını gözəlləşdirən fırçası əlindən alınmasa. O, öz həyatına məna, qafiyə gətirə bilmək baçarığındadır, əgər qələmi əlindən alınmasa… Əgər, qadın öz statusunu qoruyub saxlaya bilirsə, nəyə görə o qadın rahat, azad, sakit, rifah şəraitdə bir həyatı seçməsin və övladlarını sakit, dava-dalaşsız, gözəl psixologiya ilə böyütməsin? Hər kəs dünyaya bir dəfə gəlir bu dünyada kim necə yaşayırsa, kim necə yaşamaq istəyirsə, bu onun öz qabiliyyətindən, öz yaradıcılığından, öz seçimindən, öz ziyasından, xarakter və baçarığından asılıdır.

Bu gün cəmiyyətimizə nəzər salsaq, ali təhsilli qadınların belə boşana bilməməsindən, ağır depressiv vəziyyəti, hətta intihara qədər yönəlməsini görə bilərik. Və cəmiyyət bu gün də onlar haqqında çoxlu şaiyyələr yayırlar. Biz baxanda görürük ki, əri tərəfindən öldürülən, əri tərəfindən öldürülməyə məcbur olunan qadınlar öz ata-analarına bir neçə dəfə xəbər ediblər ki, mənim yaşam şəklim budur. Mən təhdid olunuram, həyatım risk altındadır və s. ancaq bütün bunlara baxmayaraq, onlar nə öz yaxınlarından, nə cəmiyyətdən, nə də müəyyən aidiyyatı dövlət qurumlarından müraciət etdiyi halda heç bir kömək, dəstək görməyiblər. Bu da boşanmaqdan qorxmağın bir səbəbidir.

Cəmiyyətdən və dövlətdən dəstək görməyən qadın boşanmaqdan qorxur

Axı nəyə görə boşanmaqdan bu qədər qorxuruq? Bəli, meydanda təkmi qalacağıq? Cəmiyyətin barmaqarası baxdığı insanamı çevriləcəyik? Adına müxtəlif şaiyələr, iftihamlarmı yaxılacaq? Öz yuvasını yıxıb başqa ailələrə göz dikən insanamı çevriləcək? Yanındakı, qucağındakı, bəlkə də bətnindəki körpə uşaqla acmı qalacaqlar, evsizmi olacaqlar?..

Bəzən boşandıqdan sonra qadınların müəyyən yaşa gəlmiş öz övladları tərəfindən də təhqir olunması mümkündür. Bu, yolverilməzdir, ancaq təəssüf ki, belə hallara da rast gələ bilir boşanmış qadın. Dolduruşa gələn övladlara daim anan sizi istəmir, sizi atdı getdi və s. sözlər bəzən bu hala gələ bilir və ananın həqiqi mənada faciəsinə çevrilir. Ancaq uşaq böyüyüb ailə başçısı olan zaman anasının o zamankı çətin, ağrılı günlərini dərk edir və anasına haqq verməyə başlayır.

Qadınların kişilərlə azad olduğu bir cəmiyyətdə qadınların hüquqlarının tapdandığının hər dəqiqə görür və şahidi oluruq. İstər ərli qadının icazəsiz harasa gedə bilməməsi, iş saatının və ya iş sonunda nəqliyyatın gecikməsi, səbəbi ilə evə bir qədər gec gələn qadının yersiz danlaqlara məruz qalması, cehizinin az olmasına görə rişğənd, gülüş obyektinə çevrilən qadının evində ailə münaqişələri doğur və ümumiyyətlə kiçik görünüb, ancaq böyük problemə səbəb olan, yəni qığılcımdan yaranan böyük yanğınlara gətirib çıxarır. Qaynananın, yaxın ətrafın, ərin özünün belə CEHİZSİZ GƏLİN adlandırdırılması və s.

Bu gün bəzi qadınlar var ki, ata ocağına belə icazə ilə getmək məcburiyyətindədir və söhbət boşanmaqdan gedərkən bu halın boşanma səbəbi göstərmək gülünc olardı bu günkü cəmiyyətimizdə. Çünki o qədər dərin səbəblər var ki, bu səbəbə gələnə qədər.

Ancaq əsas səbəb cəmiyyətin boşanmış qadın qorxusu nədir? Qadının yaxınlarının öz qızının, bacısının boşanmasıdır! Çünki cəmiyyət boşanmış qadını əxlaq dəyərlərindən kənarlaşmış biri kimi görünür. Onun geyindiyi paltarı da, danışdığı söz də, davranış və işdən gəliş saatları da fərqli yozulur. Nə qədər təhsilli olursa olsun, bəzən Fatma- Tükəzban düşüncələrində qalan hələ də insanlar var, onların da həyat tərzinə, yaşam şəklinə əhəmiyyət verməyən boş – boş insanlar var.

Bəs boşandıqdan sonra qadının öz qorxuları nələrdir? Həmin cəmiyyətdə yaşayan qadın belə həmin cəmiyyətin qorxularını yaşayır. Çünkü qadın həmin cəmiyyətdə yaşadığına görə həmin cəmiyyətin baxışını özü də özündə görür. Hətta özü də özünə tənqidi yanaşmağa başlayır. İşə getmək üçün geyindiyi libasıyla gözü güzgüyə sataşarkən makiyajını silməsi, paltarının yaxasını , ətəyini düzəltməsi, bunlar hamısı qadının özünə olan tənqidi yanaşması, nə deyərlər qorxudur. İşə təyin olunarkən müdir, iş yoldaşım, işdə tabeliyində olacağım hər hansı kişi mənim ayrıldığımı, boşanmış qadın olduğumu bilməsin, Həmcins olduğum iş yoldaşlarım öz ərlərini məndən qısqanmasın və s. qorxudur. Bəlkə də bunların səbəbi bu günün qadını olan dünənin körpə qızcığazının anası və atası tərəfindən özgüvənsiz böyüməsidir. Daim tabelikdə, daim kiminsə nə deyəcəyi düşüncəsi…

Qadın da bu cəmiyyətin bir fərdidir

Bu, azərbaycançılıq cəmiyyətinin fərdidir və həmin düşüncə ilə böyümüş qadın boşandığı günahını bir növ cəmiyyət qarşısında yumağa çalışmaqla başlayır məşğul olmağa. O, daim hər kəsə izahat verməyə məcburdur, niyə boşanıb, döyülməsini, təhqir olunmasını, ac qalmasını, qazandığı pulun əri tərəfindən əlindən alınmasını, qaynana, baldız töhməti, qaynın evinə dava salması və s. bütün bunlar heç bir səbəb deyil boşanması üçün. Qadın daim izahat verməyə məcbur olunur və daim özünü ağlamaq məcburiyyətində hiss edir. Ancaq belə yanaşılmamalıdır.Günümüzdə bu problemlə üzləşən tək Azərbaycan deyil, Şərq və müsəlman ölkələrinin bir çoxu bu kimi hallarla üz – üzədir. Ən çox müasir dövrdə inkişaf etmiş Yaponiyanı nəzərə alsaq, Yaponiyada belə qismən belə ola bilir. Ümumiyyətlə, Avropa ölkələrində belə boşanmış qadın sindromu vardır. Deməli, dünyanın hər hansı bir nöqtəsində də qadın boşanan zaman və bundan sonrakı həyatında müxtəlif çətinliklərlə üzləşir. Burda bir ailənin faciəsi, ayrılmış ata-ananın müəyyən travmalarla böyüyən uşaqları, təbii ki, bunların hamısı psixoloji fakt olaraq ayrı-ayrı mövzulardır. Ancaq qadının boşanmaqdan qorxması, cəmiyyətin boşanmış qadını qəbul etməməsi Azərbaycan üçün çox böyük, mürəkkəb bir məsələ və hər dövrdə aktuallığını qoruyan bir mövzudur. Boşanmış qadın qorxusu cəmiyyətin sağalmayan yarasıdır və bu fakt getdikcə vahiməli hal alır. Qadın əzilir, təhqir olunur, fiziki, cinsi, sözlü və ya məişət zorakılığına məruz qalırsa, onun mənəvi dəyərləri qorunmursa və kişi öz qadınına evinin xanımı kimi davranmırsa, BOŞANMAQ QADININ HAQQIDIR!

Kişi kişiliyi bacarmadığı yerdən başlayır qadının acı həyat mübarizəsi

Boşandıqdan sonra öz ayaqları üstündə durmağı bacaran və milli dəyərlərlə cəmiyyətə uyğun şəkildə yaşamağı bacaran, mənşəyinə, milli dəyərlərinə, qadın iffətinə sadiq qalan hər bir qadına hörmətlə yanaşmalıyıq və alqışlamalıyıq!