Cenevrə görüşü niyə uğursuz oldu? – DETALLARbackend

Cenevrə görüşü niyə uğursuz oldu? – DETALLAR 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Görüş müharibənin dördüncü il dönümündən bir neçə gün əvvəl baş tutdu. Əbu Dabi-də keçirilən danışıqlardan sonra bu görüş çox vacib idi.”

Bu sözləri NOCOMMENT.az-a Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova ABŞ, Rusiya və Ukrayna arasında Cenevrədə baş tutan görüşün nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, nümayəndə heyətləri təxminən 1250 kilometrlik cəbhə xətti boyunca şiddətli döyüşlərin davam etdiyi və Rusiyanın mülki əraziləri və enerji infrastrukturunu amansızcasına bombardman etdiyi bir vaxtda bir araya gəldi:

“Kiyevin fikrinə görə Rusiyanın hava hücumlarının tempini və intensivliyini dayandıracağına və ya heç olmasa azaldacağına ümid yoxdur. Çünki nümayəndə heyəti Kiyevdən yola düşərkən Ukrayna Prezidenti Prezident Volodimir Zelenski Rusiyanın daha bir böyük zərbəyə hazırlaşdığı barədə xəbərdarlıq etdi.

Zelenski Ukraynanın hərbi hava qüvvələri rəisinə, müdafiə nazirinə və dövlətə məxsus Ukrenerqo elektrik şirkətinin rəhbərinə mümkün hücumdan əvvəl gün ərzində əlavə qoruyucu tədbirlər hazırlamağı tapışırıb. Kremlin sözçüsü Dmitriy Peskov Cenevrə danışıqlarının Əbu-Dabidəki əvvəlki raundlarla müqayisədə daha geniş mövzuları əhatə etdiyini bildirsə də, real nəticə yoxdur. Xüsusilə də tərəflər arasında ən mürəkkəb məsələnin – Ukrayna əraziləri ilə bağlı müzakirələrin baş tutacağına dair gözləntilər demək olar ki, sıfıra bərabərdir”.

Şəbnəm Həsənova

Şəbnəm Həsənova qeyd edib ki, Peskov Putinin köməkçisi Medinskinin görüşdə iştirakını vacib sayırdı, lakin Medinskinin maksimalist ritorika tarixçəsi hər kəsə məlumdur:

“Onun danışıqlara geri dönüşü Moskvanın danışıqlarda mövqeyinin potensial olaraq sərtləşdiyini göstərir. Bu, Moskvanın heç bir konkret nəticə əldə etmək niyyəti olmadan danışıqlarda rəsmi iştirakını davam etdirmək niyyətində olduğunu göstərən başqa bir faktordur.

Medinski Rusiyanın Ukraynanın tammiqyaslı işğalının qatı tərəfdarıdır. 2025-ci ilin yanvar ayında Medinski Moskvanın Ukraynaya qarşı müharibəsini Sovet İttifaqının nasist Almaniyasına qarşı mübarizəsinin davamı kimi təqdim edən və Rusiyanın müharibəsini “Qərb təhdidlərinə qarşı zəruri reaksiya” kimi təsvir edən yeni “Rusiyanın hərbi tarixi dərsliyinin” redaktorudur. Medinski söyləyir ki, Rusiyanın XX əsrin bütün fəlakətləri qarşısında “səbrinin” rus xalqının “əlavə bir xromosomu” olduğunu göstərir.

ABŞ Rusiyalı həmkarlarına Medinski kimi sərt xətt tərəfdarının sülh prosesində iştirakını məhdudlaşdırmağa üstünlük verəcəyini bildirmişdi. Danışıqlar komandası hərbi, siyasi və təhlükəsizlik aspektləri nəzərə alınmaqla formalaşdırılsa da, konkret nəticə demək olar ki, əldə olunmayıb.olar ki, yoxdur. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Kiyevin enerji atəşkəsi məsələsini qaldırmağı planlaşdırdığını açıqlasa da, Moskvanın keçmişdə dəfələrlə bu ideyanı rədd etdiyini bilirik”.

Politoloq deyib ki, Tramp Ukraynanın tez bir zamanda masa arxasına keçməli olduğunu bildirir:

“Rusiya Ukraynadan Moskvanın ələ keçirə bilmədiyi Donetsk Şərq bölgəsinin qalan 20 faizini təslim etməyi tələb etsə də, Kiyev bu tələbi qəti şəkildə qəbul etmir.

Zelenski bildirir ki, Ukrayna heç bir tərəfin Kiyevi Rusiyanın müharibəsinə son qoymaq istəməməkdə ittiham edə bilməməsi üçün hər şeyi edəcək. Budəfəki görüşdə Tramp Moskva və Kiyevi 1945-ci ildən bəri Avropanın ən böyük müharibəsinə son qoymaq üçün razılığa gəlməyə çağırsa da, Zelenski ölkəsinin güzəşt etmək üçün daha çox təzyiqlərlə üzləşdiyini bildirib.

Nəticədə, iki böyük qlobal böhranı eyni vaxtda müzakirə etmək üçün nadir cəhd olan Cenevrə görüşü nəticəsiz başa çatıb və əhəmiyyətli irəliləyiş gözləntiləri puça çıxıb.”

Atilla Rzasoy