Bu gün dövlətin qarşısında dayanan əsas məsələlərdən biri də regionların sosial iqtisadi inkişafını təmin etməkdir. 14 iqtisadi rayonun hər biri öz istehsal gücü, spesifik xüsusiyyəti ilə bir-birindən fərqlənir.
Lənkəran-Astara iqtisadi bölgüsünə daxil olan Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonlarının əsas sənaye sahəsi qida sənayesidir. Region çay, sitrus meyvələri və digər meyvə-tərəvəz məhsullarının istehsalı ilə məşğul olur.
Bu regionun iqtisadi potensialını necə inkişaf etdirmək olar? Regionda kənd təsərrüfatının və sənayenin inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin olunması üçün dövlət tərəfindən hansı dəstəyə ehtiyac var?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Qaynarinfo-ya danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, adını sadaladığımız rayonların torpaq və iqlim şəraiti digər rayonlara nisbətdə daha münbitdir. Bu regionun əhalisi də işgüzardır və sərhəd rayonları olduğu üçün əhalinin məşğulluğuna ciddi əhəmiyyət verilməlidir:
“Həmin regionda həm kənd təsərrüfatı məhsulları, həm də xammal istehsalı mümkündür. Bunun üçün həmin regionda xammal emal edən zavodlar yaratmaq olar. O regionda məhsullar – çay, sitrus meyvələri, taxıl, kartof, digər meyvə-tərəvəzin yetişdirilməsi, heyvandarlıq, arıçılığın inkişafı üçün şərait var.
Vaxtı ilə Lənkəran SSRİ-nin bir neçə respublikasına meyvə-tərəvəz məhsulları göndərirdi. Bu regionun potensialı çox böyükdür. Bu potensialı reallaşdırmaq üçün isə xüsusi proqram qəbul edilməlidir. Bu ərazilərdə baş verən iqlim dəyişikliyindən də yararlanmaq olar. İqlim dəyişir, istiləşmə müşahidə edilir, bunu da nəzərə alaraq regionda daha hansı kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan olmasını araşdırmaq lazımdır. Məsələn, nəzərə alınmalıdır ki, iqlim dəyişikliyi bitkiçiliyin bəzi növlərində problem yaradırsa, digərlərində perespektiv yaratmış olur. Düşünərəm ki, əhalinin sayı, ərazisi, imkanları nəzərə alınıb regiona xüsusi önəm verilməlidir”.
Vahid Məhərrəmovun sözlərinə görə, tək Lənkəran-Astara iqtisadi rayonu üçün deyil, Azərbaycanda hər bir region üçün xüsusi proqram qəbul edilməlidir və həmin proqramda regionların spesifikası nəzərə alınmalıdır:
“Proqramda regionların inkişafı nəzərə alınmaqla əhali nə ilə və necə məşğul ola bilər, ənənə varmı, insanların kənd təsərrüfatı bilgiləri necədir və s. kimi məsələlərlə bağlı proqram qəbul edilməlidir”.
Ekspertin fikrincə, cənub bölgəsində kənd təsərrüfatı deyil, həm də balıqçılığın inkişaşı üçün də müəyyən işlər görülməlidir:
“Lənkəranda əvvəl çox böyük balıq zavodu var idi. İndi isə Xəzər dənizi sahilində akvakulturalar yaradılaraq, dəniz suyundan istifadə etməklə balıqçılıqlığı inkişaf etdirmək olar. Dünya təcrübəsində də sərhəd bölgələri ilə bağlı bu təcrübə var. Azərbaycanda əhali indikindən 2.5 dəfə çox balıq istehlak etməli olsa da, indi edə bilmir, çünki ölkədə balıq təsərrüfatları azdır, qiymətlər də yüksəkdir. Dünya ölkələrində adambaşına balıq istehlakı 21 kiloqramdırsa, bizdə bu göstərici 3 dəfə azdır. Bu bölgə üçün qəbul edilə bilən dövlət proqramında balıqçılıqla bağlı ayrıca bir hissə də olmalıdır”.
Həmsöhbətimiz qeyd edib ki, cənub regionunda heyvandarlığı inkişaf etdirmək olar:
“Regionun südə olan tələbatını daxili istehsal ilə təmin etmək və ya heyvandarlığın inkişaf etdirilə bilməsi mümkün olmayan regionları heyvandarlıq məhsulları ilə təmin etmək olar. Ət istehsalı üçün şərait yaratmaq olar. Bizdə ət istehsalı tələbatın yarısından da azdır, ona görə də istehlak da aşağı səviyyədədir. Çalışmaq lazımdır ki, bu sahələrin inkişafı ilə bağlı regionda olan problemlər aradan qaldırılsın”.
Vahid Məhərrəmov deyib ki, regionun həm də çox böyük turizm potensialı var:
“Bu regionda turizmi də inkişaf etdirmək olar. Bu ərazilərin turizm üçün olduqca böyük perespektivləri var. Hətta vaxtı ilə digər rayonlardan Lənkərana istirahət üçün gedirdilər”.
“Bölgədə ev təsərrüfatlarının inkişafı üçün də dövlət hansı işləri görə bilər” sualına cavab olaraq ekspert bildirib ki, bu məsələ ilə bağlı dövlətin üzərinə düşən müəyyən vəzifələr var:
“Birincisi, dövlət əhalinin həm içməli suya, həm təsərrüfat suyuna olan ehtiyacını ödəməlidir. Bu, dövlətin üzərinə düşən vəzifədir. Hökumətin əsas vəzifələrindən biri də cənub regionu daxil olmaqla ölkənin bütün ərazilərində əhalinin suvarma suyuna olan ehtiyacının dayanıqlı olaraq ödənilməsini təmin etməkdir. Məsələn, intensiv yağışlar yağır, həmin yağış sularını yığaraq borular vasitəsi ilə birbaşa həm fərdi təsərrüfatlara, həm fermer, həm də ailə-kəndli təsərrüfatına ötürülməsi təmin edilməlidir. Bu problem öz həllini taparsa, digər məsələlərin həlli istiqamətində işlər görülə bilər. Məsələn, əhaliyə ucuz, güzəştli kredit resursu təqdim etmək olar ki, onlar kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olsun. Bir vaxt kolxoz və sovxozlar var idi, orda yaşlı nəsil yeni nəsli istehsal ilə bağlı öyrədirdi. İndi isə bu işi görən demək olar ki, yoxudr. Gənc nəsli mütləq maarifləndirmək lazımdır ki, onlar aqrotexniki qaydaları mənimsəyə bilsinlər. Su təminatı, ucuz kredit resurslarının təklif edilməsi, maarifləndirmə işlərinin aparılması hökumətin üzərinə düşən vəzifədir. Regionlarda şərait yaradılmalıdır ki, digər ölkələrdən aldığımız istehsal vasitələrini həmin şirkətlərin öz nümayəndələri gələrək fermerlərə, kəndlilərə birbaşa satsınlar ki, onlar bu vasitələri baha yox, ucuz qiymətə alsınlar. Bundan başqa, birləşib soyuducu anbar inşa etdirmək olar ki, istehsal olunan məhsulun bir hissəsi sonrakı mərhələdə bazarda satılması üçün saxlanılsın. Yuxarıda sadaladığım bütün işlərdə dövlət yardımçı olmalıdır. Belə olanda isə qısa müddətdə həm işsizlik aradan qalxar, məhsul istehsalı artar, bu da regionun birbaşa sosial iqtisadi inkişafına dəstək olar”.