Cənubi Koreyanın ən böyük həmkarlar ittifaqları konfederasiyası – “Koreya Həmkarlar İttifaqları Konfederasiyası” (KCTU) – veb saytında prezident Yun Suk Yolun istefasını tələb edərək müddətsiz ümummilli tətil elan etdiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bəyanata görə, “KCTU” 4 dekabrdan “müddətsiz ümumi tətil”ə qoşulur və prezident administrasiyasının tam tərkibdə istefasını tələb edir. Bu tələb ölkədə hərbi vəziyyət elan olunmasına reaksiya kimi ortaya çıxıb.
Eyni zamanda, “KORAIL”in işçiləri maaş artımı tələbi ilə 5 dekabrdan müddətsiz tətilə çıxacaq. Bu tədbir hərbi vəziyyət elan edilməzdən əvvəl planlaşdırılsa da, artıq ölkə paytaxtında genişmiqyaslı etiraz aksiyaları keçirilir.
Ölkə parlamenti prezidentin 45 ildən sonra ilk dəfə tətbiq etdiyi hərbi vəziyyət rejimini ləğv etmək üçün səs verib. Hərbi vəziyyət yalnız təxminən altı saat qüvvədə olub.
Prezident Yun Suk Yol çərşənbə axşamı “fövqəladə hərbi vəziyyət” elan edərək bunun parlamentdə çoxluğa sahib olan müxalifətin icra hakimiyyətini iflic etməyə çalışdığına cavab olduğunu deyib. Prezidentin sözlərinə görə, bu addım “Şimala meyilli elementlərlə mübarizə” və konstitusiya nizamını qorumaq məqsədilə atılıb. O, həmçinin müxalifətin hökumət büdcəsi layihəsini qəbul etməməsini tənqid edib.
Bir sıra dövlət qurumları fövqəladə toplantılar keçirmək üçün işçi heyətlərini çağırıb. Ölkənin əsas müxalifət lideri və Demokratik Partiyanın sədri Li Cae Myonq (Lee Jae-myung) prezidentin qərarını qeyri-konstitusion adlandırıb. Partiya öz üzvlərini parlamentə toplasa da, bina polis tərəfindən mühasirəyə alınıb. Daha sonra parlamentin sədri Vu Von Şik (Woo Won-shik) prezidentin hərbi vəziyyət elan etmək qərarını qanunsuz və etibarsız elan edərək ləğv edib.
Qeyd edək ki, artıq müxalifət prezidentin impiçmentini tələb edən qanun layihəsini təqdim edib. Qaydalara əsasən, qanun layihəsinə səsvermə onun plenar iclasda müzakirəyə çıxarılmasından sonra 24-72 saat ərzində keçirilməlidir. Plenar iclasın 5 dekabrda baş tutacağı gözlənilir. Bu, Cənubi Koreya prezidentinin impiçmentinə dair qərarın 6 və ya 7 dekabrda verilə biləcəyini göstərir.\\Valyuta.az