Stanislav Çerçesov Qazaxıstan millisinin baş məşqçisi postundan qovulmağa yaxındır. Onun rəhbərliyi altında komanda beş görüşdə rəqib qapılarına bir qol belə vurmayıb, əvəzində 15 qol buraxıb və matçlarda uduzub.
NOCOMMENT.az yerli mediaya istinadla xəbər verir ki, Çerçesovun qazax dili ilə bağlı zarafatı bardağı daşıran damla rolunu oynayıb. O, qazax dilində ona sual verən jurnalistə demişdi: “İndi sən fransızca danışırsan”?
Mətbuatda yayılan xəbərlərə görə, məşqçinin Qazaxıstan Futbol Federasiyasının yeni prezidenti ilə görüşü olacaq və onun taleyinə qərar veriləcək.
Qeyd edək ki, dekabrın 20-də Qazaxıstan Futbol Federasiyasında (QFF) yeni prezident seçkiləri keçirilib. Marat Ömərov 36 səsdən 34-nü qazanaraq qalib gəlib. O, Adlet Barmenkulovu əvəzləyib. Barmenkulovun vaxtında Stanislav Çerçesov Qazaxıstan millisinin baş məşqçisi vəzifəsinə gətirilib.
Vesti.kz saytı QFF prezidentinin keçmiş müşaviri Ermuhamed Maulenə istinadla xəbər verib ki, Marat Ömərov Çerçesovu işdən çıxarmaq qərarına gəlib və vəkillər müqaviləyə xitam verilməsi məsələsini araşdırmağa başlayıblar.
Jurnalist Sport24-ə müsahibəsində iddia edib ki, QFF-nin yeni rəhbəri rusiyalı mütəxəssisin rəhbərliyi altında Qazaxıstan millisinin oyununun nəticələrindən və keyfiyyətindən narazıdır. Maulenin sözlərinə görə, Çerçesovu əvəzləyəcək dörd namizəd nəzərdən keçirilir. Onlardan iki avropalı, ikisi qazaxıstanlıdır.\\Musavat.com