Hər bir xəstəxanaya daxil olan şəxs həkimlərin kabinetlərdə adətən ağ xalat geyindiyini görür. Lakin əməliyyat otağına daxil olduqda, həmin həkimlərin geyimlərinin rəngi birdən-birə dəyişir — ağ yerini mavi və ya yaşıl tonlara verir. Bu dəyişiklik təsadüfi deyil və onun həm fizioloji, həm də psixoloji əsasları var.
NOCOMMENT.az qaynarinfo -ya istinadən xəbər verir ki, ağ xalat “sovet dövrünün simvolu” hesab olunur, lakin müasir tibb müəssisələrində həkim formaları müxtəlif rənglərdə olur. Buna baxmayaraq, əməliyyat otaqlarında yalnız iki rəngə – mavi və ya yaşıl geyimə icazə verilir.
Bu qaydanı ilk dəfə 1914-cü ildə kanadalı həkim Herbert Robertson təklif etmişdi. O, əməliyyat zamanı həkimlərin uzun müddət qanla işlədiklərini nəzərə alaraq, ağ rəngin görmə qabiliyyətini pozduğunu və yaşıl tonların bu effekti azalda biləcəyini irəli sürmüşdü.
İnsan gözünün torlu qişasında “çubuqlar” və “konuslar” adlanan hüceyrələr mövcuddur. Onlar işığı qəbul edərək ətrafdakı rəngləri fərqləndirməyə kömək edir. Bu “konus”ların üç tipi var — mavi, yaşıl və qırmızı tonlara həssas olanlar.
Əməliyyat zamanı həkim uzun müddət qırmızı (qan) rənginə baxdıqda, göz “yorulur” və ağ səthə baxarkən yaşıl-bənövşəyi “ləkələr” görməyə başlayır. Bu optik yanılsama cərrahın diqqətini yayındırır və əməliyyat prosesinə mənfi təsir göstərə bilər.
Yaşıl və mavi rənglər isə rəng dairəsində qırmızıya qarşı mövqedədir, yəni onu neytrallaşdırır. Buna görə də belə geyimlər göz gərginliyini azaldır, görmə kontrastını artırır və əməliyyat zamanı diqqətin dağılmasının qarşısını alır.
Bundan əlavə, mavi və yaşıl parçalarda qan ləkələri ağ rəngdə olduğu kimi aydın görünmür. Bu, həm həkimlər, həm də tibbi personal üçün psixoloji baxımdan daha rahat şərait yaradır. Qan ləkələrinin ağ xalatda yaratdığı təəssürat, hətta təcrübəli həkimlərdə belə, əlavə stressə səbəb ola bilər.
Beləliklə, əməliyyat geyiminin rəngi yalnız estetik seçim deyil, həm də pasiyentin təhlükəsizliyinə təsir edən elmi əsaslı bir qərardır.