Cəsarət insanın uğurlu olması üçün önəmli faktordur – Ekspertbackend

Cəsarət insanın uğurlu olması üçün önəmli faktordur – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşdə cəsarətli olmağımızın bizim üçün faydaları çoxdur, amma cəsarət bəzən risk amilinə də gətirib çıxarır. Çox cəsarətli insanları işə almağa çəkinənlər də olur.

Bəs işdə cəsarət uğurlu olmağımızda nə dərəcədə önəmlidir?

NOCOMMENT.az xəbər verir ki, bu barədə Valyuta.az-a danışan türkiyəli idarəetmə kouçu, karyera üzrə məsləhətçi, korporativ təlimçi Ruhan Maral bildirib ki, cəsarətin mənbəyi bilikdirsə, riskləri doğru analiz edər və yanlışlıqlara yol verməz. Cəsarətin mənbəyi eqodursa, cəhalət olur, o zaman şirkətləri zərərə salır:

“Platon deyib ki, cəsarət təhlükə anında ağıl və zəkanı istifadə etmək bacarığıdır. Bir şəxs uğursuz olmaqdan çox qorxmursa, riskləri analiz edib doğru həmlələri ağılla edirsə, o, cəsurdur. Çox insan o analizləri edə bilmədiyi üçün riskləri almır və uğursuz olur. Amma iş həyatında cəsarət insanın uğurlu olması üçün önəmli faktorlardan biridir.

Cəsarətsiz işçi uğursuz olmaqdan qorxur və heç başlamır, cəsarətli isə sınayır. Bunun ən böyük örnəyi Tomas Edisondur. Dəfələrlə sınayır və uğursuz olur. Sınama cəsarətini davam etdirir. Günün sonunda günümüzə lampanı qazandırır”.

R.Maral cəsur olmayan birinin uğurlu ola biləcəyinə inanmadığını vurğulayıb:

“Cəsarəti olmayanları kimlərsə bir yerə gətirəcək, amma orada dura bilməyəcəklər. Birini dağın başına gətirib qoyun, cəsur deyilsə, orda dura bilməz. Qorxudan ölər. İlk fürsətdə enməyə çalışar.

Bacarıqlı olub, cəsarəti olmayanla, cəsarəti olub, bacarığı olmayanı qarşılaşdırdığınız an cəsarəti olan önə keçir. Çünki hərəkət edir. Həyat hərəkətlərimizi alqışlayır. Psixologiyada şəxsiyyətin göstərişi davranışdır. Bir şəxs öz daxilində yetərli qədər bacarıqlı olsun, bunu ortaya çıxaracaq cəsarəti yoxdursa, onun istedadını ancaq özü bilir”.

Təlimçi qeyd edib ki, ağıl və zəkanı cəsarətin içərisinə qarışdırmaq çox vacibdir:

“Məsələn bir yerdə su yoxdur, amma siz ordan su çıxarmağa çalışırsınız. Ola bilər çox cəsursunuz, amma bilikdən faydalanmamısınız, o ərazidə su olub-olmamasından məlumatınız yoxdur, istədiyiniz qədər cəsur olun, faydası olmaz. Ağıl və zəkanı cəsarətin içərisinə qarışdırmaq lazımdır”.