Çexiya Praqada Tayvanın vitse-prezidentini izləyən çinli diplomatla bağlı araşdırma başladıbackend

Çexiya Praqada Tayvanın vitse-prezidentini izləyən çinli diplomatla bağlı araşdırma başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya hökuməti Tayvanın yeni seçilmiş vitse-prezidenti Xiao Bihimin mart ayında ölkəyə səfəri zamanı qeyri-qanuni müşahidə aparan Çinin Praqadakı səfirliyinin diplomatı ilə bağlı insidenti araşdırmağa başlayıb.

NOCOMMENT.az qaynarinfo -ya istinadən xəbər verir ki,bu barədə Tayvanın CNA xəbər agentliyi məlumat yayıb.

Qeyd edilir ki, Çexiyanın “Seznam Zpravy” xəbər saytı ötən ay Praqada Xiaonun kortejini izləyən çinli diplomatın avtomobilini polisin saxlaması ilə bağlı material dərc etdikdən sonra Çexiya tərəfi Taypeyin müraciəti ilə bağlı araşdırmaya başlayıb.

Yeni seçilmiş vitse-prezident Praqadakı Sinopsis analitik mərkəzinin dəvəti ilə martın 17-19-da Çexiyada olub və onun təşkil etdiyi seminarda çıxış edib. Çexiya hakimiyyəti onun ölkədə olduğu müddətdə təhlükəsizliyinə cavabdeh idi.

Xiaonun korteji Praqa hava limanından şəhər mərkəzinə gedərkən hüquq-mühafizə orqanlarının əməkdaşları onun arxasınca şübhəli avtomobilin gəldiyini görüblər. Polis bu avtomobili saxlayıb və məlum olub ki, maşını Praqadakı Çin səfirliyinin hərbi şöbəsinin Çin diplomatı idarə edib. O, tayvanlı siyasətçi Praqadakı otelinə gələnə qədər onu izləməyə davam edib.

Hadisə açıqlananda Çexiya Xarici İşlər Nazirliyi Çinin Praqadakı səfiri Fenq Biaonu xarici işlər naziri Yan Lipavski ilə görüşə çağırıb. Görüşdən sonra Lipavski bildirib ki, Fenin izahatlarından narazıdır və onun nazirliyi bu məsələni qapalı hesab etmir.

“Seznam Zpravy”nin həmsöhbətləri bildiriblər ki, Çexiya hökuməti çinli diplomatı persona non-qrata elan etmək və ondan ölkəni tərk etməsini tələb etmək imkanını nəzərdən keçirir.

Çin Xarici İşlər Nazirliyi və Praqadakı səfirliyi hadisə barədə şərh verməkdən imtina edirlər.

2020-ci ildən 2023-cü ilə qədər Xiao Bihim Tayvanın ABŞ-dakı nümayəndəsi (əslində səfir kimi fəaliyyət göstərirdi-red.) vəzifəsində çalışıb və ötən ilin noyabrında istefa verərək, vitse-prezident Lai Çinte ilə birlikdə seçkilərdə iştirak edib. Yanvarda keçirilən səsvermənin nəticələrinə görə, Lai prezident, Xiao isə Tayvanın vitse-prezidenti seçilib. Yeni rəhbərlik may ayında andiçmə mərasimi keçiriləcək.