Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.
NOCOMMENT.az bildirir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Qeyd olunub ki, görüşdə Azərbaycan və Almaniya arasında mövcud ikitərəfli münasibətlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Qarşı tərəf, həmçinin, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəfləri Konfransının 29-cu sessiyasına ev sahibliyi çərçivəsində görülmüş işlər barədə ətraflı məlumatlandırılıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edən Ceyhun Bayramov Ermənistan konstitusiyası və qanunverici sənədlərində ölkəmizə qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətli silahlanmasının sülh gündəliyinə hədə törədən təhdidlər olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin, Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Kasper Veldkamp ilə görüşüb.
Görüşdə Azərbaycan-Niderland münasibətlərinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.
İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin spektrini nəzərdən keçirmək və gələcək əməkdaşlığın yeni istiqamətlərini araşdırmaq üçün vacibliyi qeyd olunub.
Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidinə qarşı mübarizə tədbirləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində görülən işlərə təhdid törədən əsas amillər, o cümlədən Ermənistanın konstitusiyası və digər qanunverici sənədlərində ölkəmizə qarşı ərazi iddialarının mövcudluğu, habelə bu ölkənin sürətli silahlanması diqqətə çatdırılıb.
COP29-a sədrlik fəaliyyətindən bəhs edən Ceyhun Bayramov mümkün əməkdaşlıq imkanlarının dəyərləndirilməsinə hazır olduğumuzu diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.