Ermənistanla silahlı münaqişənin sona çatması və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası Cənubi Qafqazda tamamilə yeni şərait yaradıb. Onilliklərdən sonra ilk dəfə bölgədə sabitlik əldə edilib, de-fakto sülh bərqərar olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
O bildirib ki, məhz Azərbaycan hərbi işğala son qoymaqla, hər iki tərəf üçün nəhayət düşmənçilik səhifəsini arxada qoymaq və mehriban qonşuluq münasibətlərinə başlamaq üçün şərait yaradan tərəfdir.
Onun sözlərinə görə Azərbaycan bu prosesə 44 günlük Vətən müharibəsindəki qələbəsindən dərhal sonra başlayıb. Bu təklif münaqişənin onlarla şəhərin, yüzlərlə qəsəbə və kəndin yerlə-yeksan edilməsi, tarixi və mədəni irsin hər bir parçasının dağıdılması və təhqir edilməsi, təbii resursların vəhşicəsinə talan edilməsi formasında indiyədək davam edən sağalmamış yaralarına rəğmən irəli sürülüb.
“Azərbaycan Ermənistana bərabər şərtlərdə, beynəlxalq hüququn norma və prinsiplərinə tuyğun olaraq, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi əsasında sülh təklif etməklə siyasi müdriklik və iradə nümayiş etdirib. Son bir il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli danışıqlar yolu ilə normallaşma prosesində, xüsusilə ikitərəfli müqavilənin hazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, habelə etimad quruculuğu tədbirlərinin işlənib hazırlanması istiqamətində mühüm irəliləyişə nail olublar.”, – deyə o bildirib.
Diplomat qeyd edib ki, Azərbaycan təkcə öz milli təhlükəsizliyi və rifahı üçün deyil, bütün regionun daha yaxşı gələcəyi naminə möhkəm məsuliyyət hissi ilə hərəkət edərək bu prosesi irəli aparmağa davam edəcək.
“Bu prosesi məntiqi sonluğa çatdırmaq xüsusunda bizim sadiqliyimiz və qətiyyətimiz dəyişməz olaraq qalır. Normallaşma prosesinin başa çatdırılması üçün Ermənistan konstitusiya dəyişikliklərini həyata keçirməklə hüquqi müstəvidə Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etməlidir. Ermənistanın hərbi büdcəsini kəskin artırması, həm ənənəvi, həm də yeni təchizatçılardan külli miqdarda hücum silahları alması, keçmiş münaqişəyə əsaslanan tezisləri və strukturları saxlamaq cəhdləri ilə birlikdə konstitusiya dəyişikliklərinin həyata keçirilməsi xüsusunda səhlənkarlığı normallaşma prosesini xələl gətirir. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması məsələsi hüquqi boşluqda qaldığı, habelə, daxili hüquqi və ya siyasi ssenarilərdən asılı olduğu təqdirdə, sülh və mehriban qonşuluq münasibətlərinin qurulması dayanıqlı və dönməz ola bilməz. Qonşulara qarşı irredentizm və ərazi iddialarının səbəb olduğu bu qədər ağrı və iztirablardan sonra “yarımçıq sülh” seçim ola bilməz.”, – deyə o bildirib.
XİN rəhbəri həmçinin bildirib ki, Azərbaycan bu kritik məqamda normallaşma prosesinin başa çatdırılması üçün qalan əngəlləri aradan qaldırmağa məqsədilə tam məsuliyyət hissi ilə təcili addımlar atmağa çağırır.
O sözlərinə belə davam edib: “Ermənistanın beynəlxalq hüquqdan irəli gələn, habelə sülh prosesində öncədən üzərinə götürdüyü öhdəliklərə əməl etməklə bağlı məsuliyyəti ilə yanaşı, bütün beynəlxalq ictimaiyyət də tərəfləri həqiqi, dayanıqlı və əbədi sülhün bərqərar olmasına təşviq etmək məsuliyyəti daşıyır. Belə bir sülhə nail olunması tərəflərdən birinin digərinə qarşı manipulyasiya edilməsi və ya onlar arasında bölücü xətlərin çəkilməsi yolu ilə əldə edilməsi gözlənilən hər hansı dividentdən üstün tutulmalıdır. Dünyanın başqa bölgələrində iztirablara səbəb olmuş uğursuz təcrübələrin revanşizmi qızışdırmaq yolu ilə Cənubi Qafqaza sınaqdan keçirmək cəhdlərinə son qoyulmalıdır.”