KoronaVirus İnformasiya Portalı
Ceyhun Bayramov Türk Şurasının Baş katibini qəbul edibbackend

Ceyhun Bayramov Türk Şurasının Baş katibini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 2-də Xarici İşlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə NOCOMMENT.az -a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qarşı tərəfi səmimi salamlayan nazir Ceyhun Bayramov son zamanlar Türk Şurasını Baş katibinin ölkəmizə səfərlərinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə əlavə dəstək verdiyini vurğuladı.

Türk Şurası tərəfindən Azərbaycanın mövqeyi ilə bağlı bu günədək sərgilənən birmənalı dəstək ilə bağlı təşəkkürünü ifadə edən nazir, Baş katibin raket atəşinə məruz qalan Gəncə şəhərinə səfər etməsinin Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri ilə yerində tanış olmaq baxımından xüsusi önəm kəsb etdiyini və mənəvi əhəmiyyətinin yüksək olduğunu qeyd etdi.

Nazir Ceyhun Bayramov Ermənistanın destruktiv əməlləri barədə qarşı tərəfi məlumatlandırdı. Uzun illər ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğunun yalnız Azərbaycan üçün deyil, bütün bölgə üçün ciddi təhdid təşkil etdiyi vurğulandı. Azərbaycanın xoş niyyət nümayiş etdirərək üç dəfə humanitar atəşkəsə razılıq verdiyi və hər üç dəfə də bu humanitar atəşkəsin Ermənistan tərəfindən kobud şəkildə pozulduğu qeyd edildi. Sonuncu Cenevrə danışıqlarında da mülki əhalini hədəf almamaq öhdəliyini götürən Ermənistanın yenidən bu öhdəliyini kobud şəkildə pozduğu və Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə tutulduğu qarşı tərəfin diqqətinə çatdırıldı.

Nazir, Bakıda Türk Ticarət və Sənaye Palatasının təşkil etdiyi “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” tədbirinin əhəmiyyətini qeyd edən nazir, Azərbaycanın işğaldan azad edilmiş bütün torpaqlarında bərpa işlərinin həyata keçiriləcəyi və bununla əlaqədar dövlətimiz tərəfindən bütün səylərin səfərbər ediləcəyini bildirdi.

Öz növbəsində, Baş katib Bağdad Amreyev səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla qeyd etdi. O, Türk Şurasının Azərbaycanın yanında olduğunu və ölkənin haqlı mövqeyini birmənalı şəkildə dəstəklədiyini bildirdi.

Baş katib Bağdad Amreyev Bakıda təşkil edilmiş tədbirin əhəmiyyətini təsdiq edərək, bu kimi tədbirlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvafiq layihələrin həyata keçirilməsi və beləliklə də bu ərazilərdə əhalinin yenidən normal həyatının bərpa edilməsinə dəstək olduğunu qeyd etdi.

Tərəflər, həmçinin Türk Şurasının qarşıdan gələn zirvə görüşünə hazırlıq, eləcə də təşkilatın gündəliyində duran digər məsələlər üzrə fikir mübadiləsi apardılar.