Abşeron rayonu, Ceyranbatan qəsəbəsində sərnişin avtobusu problemi yaşanır.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sərnişinlər Bakıya getmək üçün Ceyranbatan ərazisində hər gün saatlarla avtobus gözləyirlər. Bununla bağlı videogörüntülər də yayılıb.
Sumqayıtdan Bakıya hərəkət edən avtobuslar Ceyranbatan Bağları istiqamətində sərnişin götürə bilmir. Sakinlərin sözlərinə görə, xüsusilə səhər saatlarında avtobus qıtlığı yaşanır, nəticədə işə və təhsil müəssisələrinə gedən insanlar saatlarla dayanacaqlarda gözləməli olurlar.
Sakinlər bildirirlər ki, ekspres marşrut kimi fəaliyyət göstərən 594 və 595 nömrəli avtobuslar Bağlar adlanan ərazidə saxlamalı olduqları halda, Sumqayıtda dolduğu üçün dayanmadan, birbaşa hərəkətlərini davam etdirirlər. Bu istiqamətdə fəaliyyət göstərən digər avtobuslar isə umumiyyətlə gec gəlirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, Ceyranbatan qəsəbəsi sakinlərinin Bakı şəhərinə daşınması üçün 594 və 595 nömrəli marşrut xətləri fəaliyyət göstərir. Lakin səhər və axşam pik saatlarında Sumqayıt avtovağzalında yaranan sərnişin sıxlığı səbəbindən bu avtobuslar aralıq dayanacaqlarda, o cümlədən Ceyranbatan qəsəbəsində sərnişin götürməkdə çətinlik çəkirlər. İdarədən qeyd olunub ki, yaranmış narazılıqların aradan qaldırılması məqsədilə daşıyıcı şirkət “BakuBus” MMC-nin rəhbərliyinə tapşırıq verilib. Tapşırığa əsasən, xəttə əlavə avtobusların cəlb edilməsi və aralıq dayanacaqlardakı sərnişinlərin də xidmətdən yararlanması üçün avtobus salonlarında müəyyən sayda boş yerlərin saxlanılması nəzərdə tutulur. Hazırda vəziyyətin nəzarətdə saxlanıldığı və yaxın günlərdə sərnişin daşımalarında yaranan sıxlığın azaldılması üçün tədbirlərin həyata keçiriləcəyi bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.