Çin Xalq Azadlıq Ordusu (XAO), Tayvan boğazı bölgəsində “Ədalət Missiyası 2025” adlı genişmiqyaslı hərbi təlimlərə start verib.
NOCOMMENT.az xəbər verir ki, Associated Press-in məlumatına görə, təlimlərə hava, dəniz və raket qüvvələri cəlb olunub.
Məlumatı XAO-nun Şərq Hərbi Dairəsinin komandanlığı təsdiqləyib.
Çin Müdafiə Nazirliyi bildirib ki, bu manevrlər nümayiş xarakteri daşıyır və Pekinin ərazi bütövlüyünə təhdid kimi gördüyü qüvvələrə “ciddi xəbərdarlıq” məqsədi daşıyır. Təlimlər təkcə Tayvan boğazında deyil, həmçinin adanın şimal, cənub-qərb, cənub-şərq və şərq hissələrindəki sularda keçirilir.
AP qeyd edir ki, Çin bu təlimlərlə həm də Yaponiyaya mesaj göndərir.
Pekinin bu addımına cavab olaraq, Tayvan Müdafiə Nazirliyi ordunun yüksək döyüş hazırlığı rejiminə keçdiyini elan edib. Taybey əlavə hərbi qüvvələr və raket sistemləri yerləşdirərək Çin ordusunun hərəkətlərini müşahidə və nəzarət altına alıb.










