COP29-a hansı liderlər və niyə qatılmır? – Siyahıbackend

COP29-a hansı liderlər və niyə qatılmır? – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bizim iqtidara düşmən olan bəlli bir kəsim var. Onlar həm ölkənin daxilində, həm də xaricində mövcuddur. Özlərini “demokrat” sayan bu kəsim sevinc içində deyir ki, bəs, filankəs COP29 üçün Bakıya gəlməyəcək. Guya buna səbəb “diktaturaya dəstək vermək istəməmələridir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

O, hansı liderlərin və niyə COP29-a qatılmayacağı barədə “Avronyus”un (“Euronews”) yazısından çıxarışları təqdim edib:

“Nəşr BMT-dəki mənbələrə istinadən bildirir ki, 100 dövlət və ya hökumət başçısı tədbirə qatılacaq.

Tədbirə qatılmayan isə bunlardır: Avropa Komissiyasının sədri Ursula fon der Leyen. Niyə gəlmir? Rəsmi versiya belədir: Komissiya keçid mərhələsində olduğu üçün “Prezident öz institusional vəzifələrinə diqqət yetirəcək”. Leyen hazırda dekabrın 1-də başlayacaq ikinci prezidentlik müddətinə hazırlaşır.

Avropa Birliyini Bakıda Avropa Şurasının sədri Şarl Mişel, iqlim siyasəti üzrə rəhbər və enerji komissarı təmsil edəcək.

Fransa Prezidenti Emmanuel Makron tədbirə qatılmır. Niyə? Nəşr yazır ki, Azərbaycan ötən il Parisin Azərbaycanın Qarabağ bölgəsində erməni separatçılarına qarşı hərbi hücumunu pisləməsindən sonra iki ölkə arasında münasibətlər gərginləşib.

Almaniya kansleri Olaf Şolts Bakıya gəlməyəcək. Niyə? Rəsmi versiya belədir: Almaniya kansleri Olaf Şolts çərşənbə günü hakim koalisiyasının dağılmasından sonra COP29-a getməyəcəyini açıqladı. O, bazar ertəsindən çərşənbə axşamına kimi Bakıda keçiriləcək iqlim danışıqlarında iştirak etməyi planlaşdırırdı, lakin Almaniyanın üçpartiyalı koalisiya hökumətinin dağılmasından sonra bu qərarı ləğv etdi.

“Avronyus” qeyd edir ki, COP29-un ABŞ seçkilərindən bir neçə gün sonra keçirilməsinə görə Prezident Co Bayden tədbirdə iştirak etməyəcək. Artıq ikinci ildir ki, o, qlobal iqlim danışıqlarına qatılmır. ABŞ nümayəndə heyətinə prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta başçılıq edəcək.

Ötən ay kəllə-beyin travması aldıqdan sonra Braziliya Prezidenti Luiz İnasio Lula da Silva da Bakıya səfərini ləğv edib. Ölkə gələn il Belemdə COP30-a ev sahibliyi etməlidir. Buna baxmayaraq, Silva gələ bilmir.

Kral Çarlz xərçəng xəstəliyindən əziyyət çəkir, müalicəsini davam etdirdiyi üçün o da sammitə qatılmayacaq. Kral BMT-nin əvvəlki konfranslarında yaxından iştirak edib. Azərbaycanla Böyük Britaniyanın özəl münasibəti var. Ancaq xəstəlik belə şeylərə baxmır.

Rusiya Prezidenti Vladimir Putin BMT-nin iqlim konfransına qatılmır. Məncə, səbəb bəllidir. Rusiyanı Baş nazir Mixail Mişustin təmsil edəcək.

Kanadanın Baş naziri Castin Trüdo, Hindistanın Baş naziri Narendra Modi, Çin Prezidenti Si Szinpin, Cənubi Afrikadan Ramaşosa və Avstraliyanın Baş naziri Entoni Albanese də bu il iqlim konfransına gəlməyəcəklər.

“Avronyus”un məqaləsinin heç bir yerində bizim “demokrat”ların bəlli iddiası yer almır. Yəni bizim müxalifətçilər yalan danışırlar.

Hələ orası da var ki, COP29 BMT-nin tədbiridir. Ona görə də bu tədbir Azərbaycandan daha çox BMT-yə lazımdır”.