COP29 Azərbaycanda ilk növbədə turizmin inkişafına təkan verəcək – RƏYbackend

COP29 Azərbaycanda ilk növbədə turizmin inkişafına təkan verəcək – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekoloji turizm dünyada turizm sahəsinin əsas istiqamətlərindən biridir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi bir çox sahələrlə yanaşı ilk növbədə turizmin inkişafına təkan verəcək. Beynəlxalq konfransın ölkəmizdə xüsusilə ekoloji turizmin inkişafında böyük sıçrayış yaradacağı şübhəsizdir. Hazırda davam edən COP29 çərçivəsində turizm üzrə ölkəmizin dayanıqlılıq təcrübələri Yaşıl Zonada yerləşən destinasiya stendində təqdim olunur. Belə ki, Azərbaycanın görməli yerlərinə virtual səyahət üçün nəzərdə tutulan VR (virtual reallıq) hissədə xarici qonaqlara Xınalıq, Yanardağ, Atəşgah, İçərişəhər, Şəki Xan sarayı, Göygöl və digər tarixi, mədəni məkanlara canlı şəkildə səyahət etmək imkanı yaradılır. Bütün bunlar göstərir ki, COP29 Azərbaycanda regional turizm və iqtisadiyyatın da inkişafına, turizmin iqlim dəyişikliyinə qarşı mü­barizədə rolunun artırılmasına öz töhfəsini verə­cək. 

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, COP bir çox istiqamətlər üzrə keçirildiyi ölkələrin iqtisadiyyatına müsbət töhfəsini verir:

“Təbii ki, bunlardan biri turizm sektoru və regional inkişafdır. COP29-da əsas müzakirə istiqamətlərindən biri də yaşıl iqtisadiyyat və davamlı inkişaf olduğu üçün turizm sektoruna birbaşa təsir edir. Azərbaycan dövlətinin son illər turizm və ətraf mühitin qorunması ilə bağlı apardığı siyasət bu istiqamətdə irəliləyişlərin əldə olunmasına şərait yaradıb. COP29 daha ciddi irəliləyişləri reallaşdıracaq. Azərbaycanda bu yanaşmanın təbliğ olunması ətraf mühitə ziyan vurmadan turizmin inkişafına kömək edə biləcək. Çünki yaşıl və ekoturizm Azərbaycanda turizm sektorunun əsas potensiallı seqmentlərindən biridir. COP29 çərçivəsində qəbul olunmuş qərarlar müxtəlif istiqamətlərlə yanaşı, regional iqtisadi inkişafa da müsbət töhfəsini verir. Regionlara yönəlik layihələr icra olunur. Yaşıl enerji və infrastruktur layihələri bilavasitə regionlara yönəlik olduğundan, ələlxüsus da,  öz töhfəsini işğaldan azad olunmuş ərazilərdən götürəcək. Ölkədə mövcud potensial – alternativ enerji potensialı belə layihələrin icra olunmasına imkan verəcək. Bu da regional iqtisadiyyatı gücləndirəcək, multipikativ  effekt olaraq məşğulluğun təmininə imkan yaradacaq. Bir sözlə, COP29-un Azərbaycana və regionlara mübət təsiri çoxistiqamətlidir. Burada ekoloji turizm, məşğulluq, ölkəmizə innovativ texnologiyaların gətirilməsi, investisiyaların cəlb olunması baxımından fürsətlər yaradır. Bu da digər sahələrə multipikativ effekt vasitəsilə öz müsbət təsirini göstərir”.

İqtisadçı-ekspert Emin Qəribli isə deyib ki, dünyada “Barselona effekti” anlayışı var:

Emin Qəribli: “Azərbaycanın Orta Dəhlizdən ala biləcəyi mənfəət artacaq”

“Əvvəllər Barselonaya o qədər də çox getmirdilər, gediş-gəliş olimpiya oyunlarından sonra artmağa başladı. Yəni belə beynəlxalq tədbirlərin ölkənin turizminin inkişafı üçün əhəmiyyəti böyükdür. COP29 kimi mötəbər tədbirlər nə qədər çox keçirilərsə, ölkəmiz daha çox tanınar, xarici turistlərin sayı artar. Bu da bir təbliğatdır. Bu gün dayanıqlı inkişafdan danışırıqsa, dayanıqlı inkişafın elementlərindən biri məhz yaşıl turizmdir. COP29-da bu kimi məsələlər təhlil, müzakirə olunur. Azərbaycanda ayrı-ayrı təşkilatlar mövzu üzərində çalışırdılar. COP29-un keçirilməsi Azərbaycan üçün yeni post-sənaye mədəniyyətini aşılanması, ölkəmizin buna inteqrasiya olunması baxımından mühüm rol oynayacaq. Düşünürəm, Azərbaycan yaşıl turizm istiqamətində də inkişaf edəcək”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə dərc olunub.