Azərbaycan cüdoçusu Kənan Nəsibov Tacikistanın paytaxtı Düşənbə şəhərində gənclər arasında keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
NOCOMMENT.az xəbər verir ki, 100 kiloqramdan yuxarı çəkidə mübarizə aparan idmançı yarımfinalda Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı altında çıxış edən Arsen Kadjayevə ipponla qalib gəlib. O, qızıl medal uğrunda qarşılaşmada Denis Batçayevlə (IJF) üz-üzə gələcək.
100 kiloqram çəki dərəcəsində çıxış edən Əjdər Bağırov isə yarımfinalda özbəkistanlı Muhammadsodik Sodikova uduzub. O, bürünc medal görüşündə iranlı Ali Reza Niksereştlə qarşılaşacaq.
Qeyd edək ki, hələlik bu dünya çempionatında Azərbaycan millisinin aktivində bir medal var. Ötən gün Süleyman Şükürov (81 kiloqram) 3-cü yeri tutub.