Dad-qoxu pozğunluqları koronavirus, yoxsa qrip əlamətləridir? – AÇIQLAMAbackend

Dad-qoxu pozğunluqları koronavirus, yoxsa qrip əlamətləridir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus əlamətlərinə hərarət, öskürək, həmçinin qoxu və dad hisslərində itkilər aiddir. Soyuqdəymə halında isə hava yolunun maneə törətməsi səbəbindən qoxu-dad hissi dəyişir.

NOCOMMENT xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Pənahian Mustafa müsahibəsində deyib.

Həkim dad-qoxu pozğunluqları ilə koronavirus arasındakı əlaqələrdən danışarkən bildirib ki, dad hissinin itirilməsi şikayətinin 95%-i qoxu hissinin azalması ilə bağlıdır: “Koronavirus pandemiyasının ən sərt dövründə yoluxmuş insanların əksəriyyətində dadbilmə və iybilmə hissinin azalması müşahidə olunurdu. Hazırda COVID-19-a yoluxmuş şəxslərdə bu şikayətlərə az-az rast gəlinir. Buna səbəb koronavirusa qarşı insan bədəninin müqavimətinin artmasıdır. Eyni zamanda, COVID-19-un virus yükü dəyişib. Dad və qoxu hissi bir-biri ilə sıx bağlıdır. Qoxunun itməsinin dad hissinə çox təsir etdiyini demək olar. Adətən dad hissinin itirilməsi şikayətinin 95%-i qoxu hissinin azalması ilə bağlıdır. İndi yoluxma zamanı daha çox baş və əzələ ağrıları müşahidə olunur. Dadbilmə hissinin itməsi daha tez bərpa olunur, nəinki iybilmə. Dadbilmə hissinin pozuntusu tez başlayır və 2-3 günə bərpa olunur. Amma iybilmə pozuntusunun bərpası daha çox vaxt aparır. Bəzi xəstələr var ki, onlarda qoxu itməsi bir həftəyə bərpa olunur, bəzilərində isə bu proses aylarla davam edir.

Unutmamalıyıq ki, koronavirus yeni bir xəstəlikdir. Dadbilmə və iybilmə funksiyasının pozuntularının ciddi şəkildə görüldüyü və bərpasının hətta 1 ildən çox çəkdiyi xəstələrimiz var. Bu səbəbdən yoluxmamaq daha gözəl müalicə üsulu hesab edilir. Zamanında peyvənd olunmaq və COVID-19-a qarşı immunitet qazanmaq ən doğru seçimdir”.

Həkim onu da qeyd edib ki, qrip zamanı itən qoxu və dad itkisinə burun tıxanıqlığı səbəb olur: “COVID-19-un səbəb olduğu qoxu və dadın itməsi ilə qrip və ya soyuqdəymənin səbəb olduğu qoxu-dad itkisi arasında da əhəmiyyətli fərqlər var. Koronavirus xəstələrinin qoxusunun itməsi virusun burun, boğaz, dil arxasında yerləşməsi nəticəsində baş verir. Soyuqdəymə halında isə hava yolunun maneə törətməsi səbəbindən qoxu-dad hissi dəyişir. Qrip zamanı itən qoxu və dad itkisinə burun tıxanıqlığı səbəb olur. Soyuqdəymə və tənəffüs yolu virusları zamanı burun tıxanıqlığı dad hissini azaldır. Koronavirus isə dad hissinə birbaşa təsir edir və dadların tam dəyişməsinə gətirib çıxarır”.