Kiyev təxribatlarını davam etdirərsə, Belarus Ukrayna ilə diplomatik münasibətləri kəsə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
Avqustun 9-da Ukrayna dövləti ərazisindən buraxılan zərbə tipli pilotsuz təyyarələr qrupu Belarus sərhədini pozub. Nəticədə pilotsuz təyyarələri vuran hava hücumundan müdafiə sistemləri işə salınıb.
Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, bu hadisə ilə əlaqədar Ukraynanın Belarusdakı müvəqqəti işlər vəkili Olqa Timuş Xarici İşlər Nazirliyinə çağırılıb. Orada ukraynalı diplomata sərt etiraz edilib və ona müvafiq nota göndərilib.
“Belarus tərəfi gələcəkdə regionda vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək oxşar insidentlərin qarşısının alınması üçün kompleks tədbirlərin görülməsini tələb edib”, – bəyanatda deyilir.
Xarici İşlər Nazirliyi həmçinin Timuşa xəbərdarlıq edib ki, belə təxribatlar təkrarlanarsa, Minsk Belarus ərazisini qorumaq üçün cavab addımları atmaq hüququnu özündə saxlayır.