Danışıqlar nəticəsiz qaldı, hərbi variant gündəmdə: İlk zərbə bu tarixdə olacaq?backend

Danışıqlar nəticəsiz qaldı, hərbi variant gündəmdə: İlk zərbə bu tarixdə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cenevrədə Vaşinqton və Tehran arasında davam edən danışıqlar fonunda hərbi gərginliyin eyni anda artırılması açıq şəkildə göstərir ki, bu, beynəlxalq münasibətlərdə klassik “kökə və dəyənək” (şirinlik və acılıq) taktikasından daha mürəkkəb bir oyundur. Bu, birbaşa hərbi zərbəyə hazırlıqla paralel aparılan strateji aldatma (strategic deception) əməliyyatıdır”.

Bu sözləri NOCOMMENT.az-a politoloq Rüstəm Tağızadə deyib.

Onun sözlərinə görə, verilən açıqlamalar tərəflərin mövqelərinin hələ də bir-birinə zidd olduğunu göstərir:

“Trampın “nüvə potensialını vurmaq üçün B-2-lər göndərməli olduq” açıqlaması danışıqların güc mövqeyindən aparıldığının ən bariz sübutudur. Vaşinqton İrana “ya razılaş, ya da daha böyük dağıntı ilə üzləş” mesajı verir. Onların danışıqlardan gözləntisi təkcə nüvə proqramının məhdudlaşdırılması deyil, həm də İranın raket proqramı və regional siyasəti kimi strateji gücünün digər sütunlarının müzakirəyə açılmasıdır.

Xameneinin “təhdidlər qarşısında təslim olmayacaqları” və “dünyanın ən güclü ordusunun belə ağır zərbə ala biləcəyi” barədə bəyanatı Tehranın əsas strateji xəttini əks etdirir: gücə qarşı güc. İran özünün “asimetrik müharibə” doktrinasına sadiq qalaraq, Hörmüz boğazında keçirdiyi hərbi təlimlərlə cavab verir. Onlar üçün danışıqlar yalnız iqtisadi sanksiyaların qaldırılması ilə nəticələnəcək “ədalətli” razılaşma olmalıdır, əks halda bu, ABŞ-nin diktə etdiyi təslimiyyət sənədi kimi qəbul ediləcək”.

Rüstəm Tağızadə

Politoloq deyib ki, USS Abraham Lincoln artıq bölgədədir, USS Gerald R. Ford isə yoldadır:

“Bu, ABŞ-nin bölgədə genişmiqyaslı hava hücumu üçün zəruri taktiki dəstəyi topladığını göstərir. İki aviadaşıyıcı gündə yüzlərlə döyüş uçuşu deməkdir.

Trampın xüsusi vurğuladığı B-2-lərin ötən yay İranın nüvə obyektlərini vurması ABŞ-nin “dərinə nüfuz edən” (bunker buster) bombalarla yeraltı obyektləri də məhv edə bildiyini nümayiş etdirir. Bu, İrana birbaşa mesajdır: “Heç bir obyektiniz təhlükəsiz deyil”.

Bu addımlar təkcə hücum deyil, həm də İranın mümkün cavab zərbələrinə, məsələn, raket hücumlarına qarşı müdafiə qalxanı (AEGIS, Patriot) formalaşdırmaq məqsədi daşıyır.

Şərhçi qeyd edib ki, xəbərdə İsrailin adı çəkilməsə də, bu, onun rolunu azaltmır:

“ABŞ-nin bu qədər böyük hərbi güc toplaması eyni zamanda İsrailə yaşıl işıq kimi qiymətləndirilə bilər. Əgər danışıqlar uğursuz olarsa, İsrail hava hücumu təşəbbüsünü öz üzərinə götürə, ABŞ isə “dərin zərbələr” və dəniz blokadası ilə onu dəstəkləyə bilər.

Bu hərbi yığılma həm də Səudiyyə Ərəbistanı və BƏƏ kimi ərəb müttəfiqlərə mesajdır: ABŞ bölgədə güc boşluğu yaratmaq niyyətində deyil, əksinə, İran təhlükəsinə qarşı onları qoruyacaq”.

R.Tağızadə bildirib ki, danışıqlar davam edir və ABŞ ictimaiyyətinə “sülh üçün son şans” mesajı verilir.

Danışıqların qəsdən çıxılmaz vəziyyətə çatdırılması və ya İranın kiçik bir təxribatı, məsələn, Körfəzdə bir gəmiyə yaxınlaşması, bəhanə kimi istifadə oluna bilər. Bu halda ABŞ və ya İsrail İranın nüvə obyektlərinə, hərbi bazalarına və ehtimal ki, İnqilab Keşikçiləri Korpusunun (IRGC) komanda mərkəzlərinə ani və şiddətli hava zərbələri endirə bilər. Məqsəd təkcə nüvə proqramını deyil, rejimin cavab vermə qabiliyyətini də məhv etməkdir”.

Politoloq vurğulayıb ki, Cenevrədəki danışıqlar İranın taleyinin həll olunacağı əsas meydan deyil:

“Əsl meydan USS Abraham Lincoln və USS Gerald R. Ford-un yerləşdiyi Körfəz suları və B-2-lərin uçuş xəttidir.

Vaşinqton Tehrana iki seçim təqdim edir: ya strateji gücünün böyük hissəsini – nüvə proqramını, raketlərini və regional nüfuzunu – danışıqlar masasında məhdudlaşdıraraq “imtiyazlı təslimiyyət”ə razılaşmaq, ya da hərbi parçalanma riskini gözə almaq.

İranın indiyə qədərki mövqeyi, Xameneinin sərt cavabı və hərbi təlimlər, ikinci variantın daha real olduğunu göstərir. Bu halda Tramp administrasiyasının “maksimum təzyiq” siyasəti “maksimum münaqişə” mərhələsinə keçə bilər. Yaxın həftələr bu strateji oyunun danışıqlarla, yoxsa atəşlə bitəcəyini göstərəcək”.

Atilla Rzasoy