KoronaVirus İnformasiya Portalı
Danışıqlar? Yalnız Xankəndi alınandan sonra… – Alman ekspertbackend

Danışıqlar? Yalnız Xankəndi alınandan sonra… – Alman ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az alman hərbi ekspert Tobias Pfenniqin Axar.az-a müsahibəsini təqdim edir:

– Azərbaycanın təmas xəttindən uzaq şəhərlərində erməni raketləri partlayır. Humanitar atəşkəs elan edildikdən cəmi bir neçə saat sonra Azərbaycanın ikinci böyük şəhəri Gəncə hücuma məruz qaldı. Mülki şəxslər həlak olur. Ermənilərin bu hərəkətinə nə ad vermək olar?

– Gəncə hücumundan dərhal sonra bunun açıq hərbi təxribat olduğuna dair fikir bildirmişdim. Bunun atəşkəs zamanı baş verməsi vəziyyəti daha da ağırlaşdırır. Gəncəyə dəyən ziyana görə şəhərdəki mülki şəxslərə zərbənin ballistik raket vasitəsilə vurulduğu görünür. Söhbət cəbhəyanı əraziləri “təsadüfən” bombalayan “Qrad” raketlərindən deyil, təmas xəttindən uzaq şəhərə yönəlmiş bir hücumdan gedir. Bir neçə gün əvvəl Ermənistan artıq “İsgəndər” ballistik raketlərindən istifadə etmək istədiyini qeyd edib. Bu cür silahların hərbi hədəflərə qarşı istifadəsi onsuz da radikal bir tədbirdir, lakin silahların şəhərlərin mülki bölgələrində istifadəsi müharibə cinayətləri və açıq ümidsizlik hərəkəti kimi qiymətləndirilməlidir.

– İki həftə ərzində Azərbaycanla Ermənistan arasında müxtəlif intensivlik dərəcələri ilə müharibələr gedib. Bir sıra ərazilər və strateji yüksəklikləri düşmən tərk edib. Sizcə, Azərbaycan Ordusunun uğurunun səbəbi nədir?

– Hesab edirəm ki, Azərbaycan Ordusu bir çox cəhətdən erməni qoşunlarından üstündür. Çünki Azərbaycan Ermənistandan daha böyük dövlətdir. Ancaq bunu sürətlə irəliləməyin əsas səbəbi olaraq görmədiyim üçün təfərrüata varmaq istəmirəm.

Düşünürəm ki, burada iki əsas amil var: Ermənistan Rusiyadan dəstəyini itirdi və rəsmi Moskva qoşunları ilə Qarabağdakı erməniləri dəstəkləməyəcək. Digər tərəfdən, Türkiyədən alınan PUA-lar erməni hədəflərini məhv etməyə kömək edir.

Qarabağ dağlıq ərazidir və mən xüsusilə Ermənistan tərəfinin möhkəmləndirilmiş mövqelərini nəzərə alaraq, Azərbaycan Ordusunun bu qədər sürətli irəliləməsini gözləmirdim. Əlbəttə ki, ərazi baxımından ermənilər “dağlarda” olduğuna görə daha əlverişli bir vəziyyətə gəldi. Dronların dağlıq bölgələrdə ciddi bir üstünlük təmin edə biləcəyini görürük.

– Moskvada Azərbaycanla Ermənistan arasında humanitar atəşkəs əldə edildi. Lakin bir neçə dəqiqə keçdi və erməni tərəfi yenidən atəş etməyə başladı. Sonra dinc şəhərə raket atıldı. Azərbaycan vasitəçilərə və düşmənə nə dərəcədə inanmalıdır?

– Düşünürəm ki, İrəvandakı mövcud rəhbərliklə aparılan danışıqların faydası yoxdur. Yalnız Paşinyan vəzifəsindən uzaqlaşdırıldığı təqdirdə məhsuldar işləyə biləcəklər. Erməni hərbi liderlərinin özləri ilə danışıqlar belə Paşinyanla müqayisədə daha məhsuldar olardı.

İndi cəbhə xətti yarılıb. Xankəndiyə doğru sürətlə irəliləmək Azərbaycan üçün ən yaxşı ssenaridir. İndi Ermənistan vaxt qazanmaq, yenidən toplaşmaq və qoşun toplamaqda maraqlıdır. Danışıqlar yalnız separatçıların “paytaxtını” əldə etdikdən sonra mümkündür. Bu anda Ermənistanın başqa bir fürsəti olmayacaq.

Hər halda Azərbaycan artıq qətiyyətli qələbələr qazanır. Düşünürəm ki, xoşməramlı bir jest olaraq bir tərəfdən hücumu davam etdirmək və digər tərəfdən danışıqlara açıq olmaq yaxşı olardı.

– Ermənistanın keçmiş müdafiə naziri, Ermənistan baş nazirinin müşaviri Vaqaarşak Arutyunyan Rusiyanın Rusiya-1 telekanalının efirində “Hazırda artilleriya hücumlarının taktikası hazırlanır. Gələcəkdə çaxnaşma yaratmaq üçün dinc yaşayış məntəqələrinə hücum edirik…” deyib. Bu sözləri necə xarakterizə edə bilərsiniz?

– Ermənistan Administrasiyasının mülki hədəflərə zərbə endirməkdə yeganə məqsədi əlbəttə ki, Rusiyanı münaqişəyə sürükləməkdir. Amma burada biz hərbi cinayətlərdən və insan tələfatından danışırıq. Rusiya Paşinyanın liberal antirusiya hökuməti uğrunda müharibədə maraqlı deyil. Rusiya onlar üçün niyə mübarizə aparsın? Rusiya yalnız Ermənistan üçün məsuliyyət daşıyır və həm İrəvanla, həm də Bakı ilə yaxşı münasibətlərdə maraqlıdır.

Hesab edirəm ki, Azərbaycan Ermənistan və Qarabağdan dinc sakinlərə silah atıldığı yeri dəqiq müəyyənləşdirməli və bu sübutları KTMT-yə təqdim etməlidir. Ermənistan Rusiyanı KTMT vasitəsilə münaqişəyə cəlb etməyə çalışarsa, Azərbaycan KTMT ilə birbaşa əlaqə saxlamalı və üzv dövlətlərdən birinin hərbi cinayətlər törətdiyini izah etməlidir.